Bir boksçumuz yarımfinala yüksəlib
Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa olimpiya təsnifat turnirində bu gün daha 2 idmançımız rinqə çıxıb. İdman.com.az saytının məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan Tamerlan Abdullayev İrlandiya nümayəndəsi Adam Nolanla üz-üzə gəlib.

Təssüff ki, milli komandamızın üzvü imkanlarından aşağı səviyyədə çıxış edərək, rəqibinə məğlub olub. İlk raundda 3 xalla uduzan (3:6) boksçumuz ikinci hissədə daha yaxşı təsir bağışlayıb – 11:12. Amma həlledici raunda yenidən üstünlüyü rəqibə verən Abdullayev 13:17 hesabı ilə yenilərək, olimpiya oyunlarına lisenziya qazana bilməyib.

81 kq çəki dərəcəsində yarışan Vətən Hüseynli isə 3-cü döyüşünü də qələbə ilə başa vuraraq, yarımfinala vəsiqə əldə edib. Həmyerlimiz fransalı dünya və Avropa çempionatının mükafatçısı Abdulkader Bouheniyanı 16:8 hesabı ilə məğlub edib. Boksçumuz yarımfinalda ingiltərəli Kellam Smitlə qarşılaşacaq.

Qeyd edək ki, 81 kq çəki dərəcəsində 3 boksçu London Olimpiadasına lisenziya qazanacaq.
Həmyerlimiz yarımfinalda uduzacağı halda, rəqibinin turnirin qalibi olmasını arzu etməlidir.

Xəbər 964 dəfə oxundu.