Yaşar Bəşirov: "Əsas məqsədimiz olimpiadada yaxşı çıxış etməkdir"
Bu gün Gənclər və İdman Nazirliyində Almaniyanın paytaxtı Berlində keçirilmiş Karate1 Premyer Liqasında medal qazanan idmançılarla görüş keçirilib.

Konfransda Gənclər və İdman Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev və idmançılar iştirak ediblər.

F.Mansurov əvvəlcə medal qazanan idmançıları təbrik edib: "Uğurlarınızın bol olmasını arzu edirəm. Yarışları izlədim. Karetedə güclü rəqabət hiss olunur. Rafayil Ağayevin hər zaman 1-ci yeri tutmasına öyrəşmişik. Amma karete inkişaf edir, Ağayev bu dəfə gümüş medal əldə edib. Komandanın bütün üzvlərindən 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında yüksək nəticələr gözləyirik. Dövlətimizin göstərdiyi diqqət və qayğı idmançıları həvəsləndirməlidir. Qarşıda bizi yarışlar, idmançıları isə ağır məşqlər gözləyir. Ancaq peşəkar idman qurbanlar tələb edir.İdmançılarımızdan zədəsiz döyüşlər və medallar gözləyirik".

Y.Bəşirov bu yarışa ondan artıq idmançımız qatıldığını vurğuladı: "72 ölkə arasında biz ilk "8-liy"ə düşə bildik. Çox güclü ölkələr və idmançılar var idi, çətin görüşlər keçdi. Bundan sonrakı əsas məqsədimiz olimpiadada yaxşı çıxış etməkdir. Məşqlərimiz davam edir, idmançılarımız növbəti yarışlara hazırlaşır".

Ş.Xudaverdiyev xüsusən final görüşlərinin çox çətin keçdiyini bildirib: "Burada reytinqdə güclü olan idmançılar iştirak edir. Ölkələrin ən güclü idmançıları bu yarışlarda nəticə göstərməyə çalışırlar. Firdovsi Fərzəliyevin final döyüşündə müəyyən hakim səhvləri oldu. Rafael Ağayev həlledici qarşılaşmadan əvvəl zədə aldı. Onun döyüşündə də hakim səhvləri oldu. Hakim Yaponiya idmançısına 1 xal əvəzinə 3 xal verdi. Bu da görüşün nəticəsini həll etdi".

Qeyd edək ki, Karate1 Premyer Liqasında Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) gümüş, Firdovsi Fərzəliyev (60) isə bürünc medal qazanıb.

Xəbər 1287 dəfə oxundu.