Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatına yekun vurulub
Respublika Velotrekində velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatına yekun vurulub. Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın üzvü mübarizə aparıb.

Elit kateqoriyada sprint və keyrin növləri üzrə mübarizə yığma komandamızın lider idmançısı Sergey Omelçenkonun qələbəsi ilə yekunlaşıb. Respublika Olimpiya Ehtiyatları Uşaq, Gənclər Velosiped İdmanı Məktəbinin üzvü Nəcəf Bağırov gənclər arasında həm 1 kilometr məsafəyə fərdi ötüşmə, həm də 3 kilometr məsafəyə fərdi izləmə yarışında bütün rəqiblərini qabaqlayıb. Onun komanda yoldaşı Nikita Sitov eyni növlərdə 17 yaşadək velosipedçilər arasında birinci olub. Bu məktəbin digər yetirmələri Elfanə Camalova 17 yaşadək qızlar arasında 2 kilometr məsafəyə fərdi izləmə, Ayan Xankişiyeva isə 1 kilometrə fərdi ötüşmə və 3 kilometrə fərdi izləmə yarışında fərqləniblər.

Yeddi saylı Olimpiya Uşaq, Gənclər İdman məktəbinin təmsilçisi Mustafa Muxtarlı 15 yaşadək oğlanlar arasında 1 kilometr məsafəyə fərdi ötüşmə və 2 kilometr məsafəyə fərdi izləmə yarışında qızıl medala layiq görülüb. Bu məktəbin digər yetirmələri Gülşən İsmayılova 15 yaşadək qızların mübarizəsində həm 660 m məsafəyə fərdi ötüşmə, həm də 1 kilometr məsafəyə fərdi izləmə yarışında, Viktoriya Sidirenko isə 17 yaşadək qızlar arasında 660 metr məsafəyə fərdi ötüşmə yarışında fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına da göndərilib və idmançıların reytinq sıralanmasında öz əksini tapacaq.

Xəbər 921 dəfə oxundu.