Bu gün Topaz Premyer Liqasının üçüncü turuna start veriləcək
Sentyabrın 14-də uzun sürən fasilədən sonra Topaz Premyer Liqasının üçüncü turuna start veriləcək.

Bu gün meydançaya “Qarabağ” və “Sumqayıt” komandaları çıxacaq. İnqilab Məmmədovun idarə etdiyi oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu komandalar Premyer Liqada indiyədək 24 dəfə qarşılaşıblar. On yeddi matçda Ağdam təmsilçisi, dörd oyunda sumqayıtlılar qələbə qazanıb, üç qarşılaşma isə heç-heçə başa çatıb. Topların fərqində də Qurban Qurbanovun yetirmələri böyük üstünlük ilə öndədir (50:12).

Turun növbəti oyunu sentyabrın 15-də keçiriləcək. “Səbail” klubu “Bayıl Arena”da “Zirə” komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 20:30-da başlayacaq oyunu baş hakimi Rəşad Əhmədov idarə edəcək.

Xatırladaq ki, bu komandalar indiyədək dörd dəfə qarşılaşıblar. Üçün oyunda “Zirə” qalib gəlib, bir matçda isə heç-heçə qeydə alınıb.

Çempionatın debütantı “Sabah” klubunu bu turda ağır sınaq gözləyir. Komanda doğma meydanda - “Əlincə Arena”da “Qəbələ” klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Üçüncü tura derbi oyunu ilə yekun vurulacaq. İki paytaxtın iki təmsilçisi “Neftçi” və “Keşlə” üz-üzə gələcəklər. “Bakcell Arena”da baş tutacaq oyunu Ramil Diniyev idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

“Ağ-qara”lar və keşləlilər bu vaxta kimi Topaz Premyer Liqasında 55 oyunda üz-üzə gəliblər. Bu oyunların 27-si “Neftçi”nin, 14 oyun isə “Keşlə” klubunun qələbəsi ilə başa çatıb, 14 qarşılaşma heç-heçə qurtarıb.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.


Xəbər 519 dəfə oxundu.