Badmintonçumuz Minskdə beynəlxalq turnirin yarımfinalına yüksəlib
Minskdə badminton üzrə “Belarus International-2018” beynəlxalq turniri davam edir. Turnirin üçüncü günündə - sentyabrın 8-də badmintonçumuz Edi Reski Dviçayo kişilərin şəxsi yarışında növbəti görüşünü keçirib.

Təmsilçimiz 1/4 final mərhələsində hindistanlı Kiran Corcla qarşılaşıb. Görüş badmintonçumuzun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala yüksəlməklə turnirin bürünc medalını təmin edən Edinin rəqibi Polşa badmintonçusu Mixal Roqalski olacaq. Dviçayo daha əvvəl Roqalski ilə Ukraynada keçirilən “RSL Kharkiv International-2018” beynəlxalq turnirinin 1/32 finalında qarşılaşıb. Qarşılaşma badmintonçumuzun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçilərimiz Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni cütü qoşa yarışlarda da qələbə qazanıb. Badmintonçularımız israilli Şay Geffen-Yonatan Levit tandeminə 2:0 hesabı ilə qalib gəliblər. Edi-Ezmi cütü kişilərin qoşa yarışlarının 1/4 final mərhələsində ukraynalı Mikola Martinenko-Danilo Şevçenko tandemi ilə üz-üzə gələcək.

Xəbər 955 dəfə oxundu.