Futzal üzrə Yüksək, Birinci və İkinci liqaların 2018/2019-cu il mövsümünün püşkü atılıb
Sentyabrın 8-də Bakı İdman Sarayında futzal üzrə Yüksək, Birinci və İkinci liqaların 2018/2019-cu il mövsümünün püşkatma mərasimi keçirilib.

Püşkdən əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev struktur və vəzifə dəyişiklikləri, eləcə də federasiyanın rəsmi saytının istifadəyə verilməsi, AFFA tərəfində Yarışların Təşkili və Keçirilməsi şöbəsinin kuratoru təyin edilmiş Zaur Hacı-Məhərrəmov isə əsasnamə, eləcə də tətbiq ediləcək yeniliklər barədə məlumat veriblər.

Daha sonra hər 3 liqanın yeni mövsümünün püşkü atılıb.

Yüksək Liqada 7 klub mübarizə aparacaq. Oyunlar dairəvi sistemlə keçiriləcək və dörd dövrədən ibarət olacaq. Yekunda ilk 4 yeri tutmuş komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. İki oyundan ibarət yarımfinal matçlarının qalibləri çempionu, məğlubları isə bürünc medalın sahibini müəyyənləşdirəcək qarşılaşmada iştirak edəcək. EKOL birinci turda istirahət edəcək. Liqanın oyunlarına sentyabrın 12-də start veriləcək.

Birinci Liqada 16, İkinci Liqada 20 komanda qalib adı uğrunda yarışacaq. Hər iki liqada oyunlar iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək. Birinci Liqanın oyunları sentyabrın 14-də, İkinci Liqanın matçları isə iki gün sonra başlayacaq.

Xəbər 914 dəfə oxundu.