Ağcabədidə “Açıq əyləncəli futbol məktəbi” layihəsi həyata keçirilib
Ağcabədi Olimpiya İdman Kompleksində təşkil olunan “Açıq əyləncəli futbol məktəbi” layihəsi üzrə kütləvi idman tədbirində Ağcabədi və Laçın rayonlarından olan 250 nəfər məktəbli iştirak edib.

Olimpiya İdman Kompleksinin futbol meydançasında təşkil olunan tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişafdan, bütün sahələrdə olduğu kimi, gənc nəslə və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. “Açıq əyləncəli uşaq futbol məktəbi” layihəsi çərçivəsində keçirilən bu idman bayramının yetişməkdə olan gənc nəslin sağlam böyüməsində müsbət əhəmiyyətini qeyd edən Şahin Məmmədov bildirib ki, Ağcabədidə Olimpiya İdman Kompleksinin tikilməsi dövlətimizin idmana olan diqqətinin daha bir bariz nümunəsidir.

AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları Tahir Rzayev və Aqil Abbas çıxış edərək, ölkəmizdə idmana göstərilən dövlət qayğısından, eləcə də layihənin əhəmiyyətindən danışıblar. Bildirilib ki, layihə uşaqların həyatını, yaşayış tərzini əyləncəli idman vasitəsilə bir qədər dəyişmək, onların idmana, o cümlədən futbola marağını artırmaq, uşaq futbolunun inkişafına dəstək vermək məqsədi daşıyır.

Mərasimdə uşaqlara müxtəlif idman geyimləri və ləvazimatları təqdim olunub. Sonra xüsusi idman forması geymiş uşaqlar əyləncəli futbol nümayiş etdiriblər.

Xəbər 1084 dəfə oxundu.