Astarada poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinin qalibləri məlum olub
Astara rayonundakı şəhid Pəncəli Teymurov adına Siyəkü kənd boks məktəbində 2000-2008-ci il təvəllüdlü boksçular arasında VMH poliatlon çoxnövçülüyü üzrə keçirilən rayon birinciliyi başa çatıb.

Yarışın açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Astara Rayon Gənclər və İdman İdarəsi rəisinin müavini İqrar Cəfərov, Siyəkü kənd boks məktəbinin direktoru Eldar Əhədov və Astara Boks Mərkəzinin məşqçi-müəllimi Ayaz Baxşıyev şəhid Pəncəli Teymurovun Aprel döyüşlərində göstərdiyi igidlikdən, onun Vətənə, torpağa, milli-mənəvi dəyərlərimizə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalması haqqında danışaraq yarış iştirakçılarına uğurlar arzulayıblar.

Yeniyetmə idmançılar “Turnikdə dartınma”, “Qolların açılıb-bükülməsi”, “Paralel qollarda çalışma”, “Ağırlıq qaldırma” mərhələləri üzrə qüvvə və bacarıqlarını sınayıblar.

Yarışın yekun nəticələrinə əsasən, 2000-2004-cü il təvəllüdlü yeniyetmələr arasında Adnan Kərimov, İqbal Məhərrəmov və Hüseyn Hüseynov müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə sahib olublar.

2005-2008-ci il təvəllüdlü idmançılar arasında isə Coşqun Şabanov, Kənan Cəfərov və Orxan Məmmədzadə fərqləniblər.

Qaliblər medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1083 dəfə oxundu.