Psixoloji hazırlıq idmançının nəticəsində mühüm rol oynayır

İdmançılarda psixoloji vəziyyəti öyrənmək, onun idarə olunması metodikasına yiyələnmək xüsusi əhəmiyyət kəsb edən məsələdir. Əvvəlcə səy göstərilməlidir ki, psixi vəziyyətlərin diaqnostik metodu düzgün müəyyənləşdirilsin. Sonra idmançıların yarışlara hazırlıq və yarış mərhələlərində fərdi xüsusiyyətlərinin dinamikası öyrənilməlidir. Sonra onların vəziyyətlərinin optimallaşdırılması metodu işlənib hazırlanmalıdır.
İdman mübarizəsində üç fəaliyyət üslubu özünü qabarıq göstərir: hücum, əks-hücum və müdafiə. Müşahidələr göstərir ki, əksər hallarda hücum üslubu üstünlük təşkil edir. Bu da təbiidir. Yarış qaydaları tələb edir ki, idmançı müntəzəm olaraq fəal hərəkətdə olsun. Lakin onu da qeyd etmək lazımdır ki, hücum üslubu da, fəaliyyətin özü də fərdi cəhətlərə malik olur. Bu, birinci növbədə, sinir tipinin təzahür dərəcəsi ilə əlaqədardır.
Yarışlarda hücum üslubunun xüsusiyyətləri idmançının maskalanma hallarında (aldadıcı hərəkətlərlə) daha qabarıq meydana gəlir. Güclülər bunu aldadıcı hücumlarla, zəiflər isə yerdəyişmə ilə ifadə edirlər.
Yüksək ixtisaslı idmançıların tərbiyə olunması seçimdən, təlimdən, məşqlərdən, yarışlarda iştirakdan və bərpadan ibarət vahid prosesdir. Müasir idmanda buna sistemli yanaşma deyilir.
İdmançıların hazırlanmasına pedaqoji iş kimi baxılmalıdır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün hər bir idman növünün vəzifələri düzgün anlaşılmalı - idmançı modelinin yaradılmasına səy göstərilməlidir.
Yüksək ixtisaslı idmançıların psixoloji hazırlığında üç mühüm amilin nəzərə alınması zəruridir. Bunlar aşağıdakılardır: müvafiq idman fəaliyyəti şəraitində psixoloji dözümlülüyün təmin olunması; psixi funksiyaların və mənəvi-əxlaqi keyfiyyətlərin təkmilləşdirilməsi, əsas məqsədə nail olmaq və rəqiblə qarşılaşmanın müsbət nəticəsi; fərdi mübarizə üslubunun təşəkkülü, təkmilləşdirilməsi və düzəlişləri.
Hər bir idmançı bu amilləri özünün daxili və xarici imkanlarına istinadən həyata keçirir. “Xarici imkanlar” deyildikdə, böyük turnirlər, əsas rəqiblərin xüsusiyyətləri və onların ustalıq səviyyəsi, yarışın qaydaları, proqramı və s. nəzərdə tutulur.
İdman həyatı, yalnız fiziki qüvvə sərf etməyi deyil, eyni zamanda, psixoloji baxımdan da tələb olunan səviyyəni kəsb etməyi qanunauyğun hal hesab edir. Lakin psixoloji hazırlıq necə olmalıdır, onun meyarı və məqsədəmüvafiqliyi nədən ibarətdir? Bu və ya digər psixi proses və fərdi xassələrin tərbiyə olunması, eləcə də idman növünün özünəməxsus xüsusiyyətləri ilə əlaqələndirilməsi kimi məsələlər tam həll olunmamış qalır. İdmançının yarışlara psixoloji hazırlığı, onun temperament, xarakter, yaş, idman fəaliyyətindəki təcrübəsi, yarışların miqyası, əhəmiyyəti və keçirildiyi şərait və mühitlə əlaqədardır.
Məlum olduğu kimi, fəaliyyət insanların fiziki və psixoloji fəallıqlarının cəmidir. İdman da bir fəaliyyət olaraq, bu iki amili ehtiva edir. İdmançı təlim və məşq gedişində hər iki amili inkişaf etdirir, fiziki və psixoloji hörgülərin əhatəsində taktiki və texniki hazırlığın parametrlərini işləyir, mübarizə yolları və icra proseslərini müəyyən edir.
İdmançının psixoloji hazırlığı haqqında belə fikirlər tez-tez səslənir: “Qələbənin səbəblərindən biri də psixoloji hazırlığın yüksək səviyyədə olması idi”; “Psixoloji hazırlıq zəif olduğundan uduzduq” və s.
Bəs konkret olaraq, psixoloji hazırlıq nədir? Əlbəttə, ümumi şəkildə deyilsə, bu, sarsılmaz inamdır, emosiyaları tənzimləmə qabiliyyətidir, sürətli reaksiyaya malik olmaqdır, analitik təfəkkürdür (qələbə yalnız ağılla qazanılır) və s. Lakin bunlar, həmin keyfiyyətlərin formalaşması yolları, dəqiq təsəvvür edilsə belə, psixoloji hazırlığın hamısı deyildir. Daha nələrə diqqət yetirmək lazımdır?
Öncə, onu qeyd edək ki, məşqçilərimizin çoxu psixologiyaya dair nəzəri biliklərini müntəzəm artırmaq qayğısına qalmır. Əlbəttə, burada söhbət yalnız nəzəri biliklərin toplusundan deyil, həm də onların tətbiqi yollarının, əməli əhəmiyyətinin aydın təsəvvür edilməsindən gedir. Unutmaq olmaz ki, məşqçi üçün qaranlıq olan bir məsələ, idmançı üçün zülmətə çevrilir. Yeri gəlmişkən, Bədən Tərbiyəsi və İdman Akademiyasının pedaqogika və psixologiya kafedrası bu məqsədlə öz qapılarını daim açıq saxlayır, hər hansı problemlə bağlı məsləhət verməyə hazırdır.
Təlim-məşq gedişində aparılan psixoloji hazırlıq motivləşdirmə prinsipinin müəyyən olunmasından başlanmalıdır. Motiv nədir? İnsanlar hər hansı bir qüvvənin yönəldici təsirinə məruz qalırlar. İdmançı bu fəaliyyətə gəlişinin səbəbini aydın dərk etməlidir. Məşqçi də öz məşqlərinə bundan başlasa, nəticənin səmərəli olacağına şübhə qalmaz.
Hər hansı bir idmançı öz fəaliyyəti ilə nəyə nail olacağını qabaqcadan müəyyənləşdirməlidir. Bu məqsəddir. Məqsəd aydınlığı olmayan yerdə fəaliyyətə başlamaq düzgün deyil. Nəticənin necə olacağına biganəlik göstərmək fəaliyyətin məhsuldarlığına yanlış təsir edir. Burada tələbat və maraqların da rolu, təsir gücü və əhəmiyyəti xüsusilə nəzərə alınmalıdır. Həm tələbatın, həm də marağın ictimai mahiyyəti ön plana çəkilməli, şəxsi tələbat və maraqlar ictimai ruhla həmahəng olmalıdır. Belə olduqda, idmançının diqqəti daha da güclənər, yarışlarda məsuliyyət hissi artar, o öz kollektivi, mənsub olduğu idman cəmiyyəti və dövləti qarşısında borcunu daha yaxşı dərk edər.
İdmançının psixoloji hazırlığında psixi proseslərin, duyğular, qavrayış, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, iradə, hafizə, nitq və hissin, eləcə də fərdi psixi xassələrin - temperament, xarakter və qabiliyyətlərin inkişafına dair fərdi və kollektiv planların tərtibi zəruri sayılır. Burada diffensasiya və inteqrasiya prinsiplərindən də istifadə edilə bilər. Yəni hər bir idmançı fərd kimi hərtərəfli öyrənilər, sonra onun imkanları vahid məqsəd naminə ümumiləşdirilər. Güman edirik ki, bu sahədə “Azərreyl” voleybol klubunun baş məşqçisi Faiq Qarayevin iş üslubu, qazandığı təcrübə bu gün örnək ola bilər. Onun keçirdiyi təlim-məşqləri müşahidə etmək, taktiki, texniki, psixoloji planlarla tanışlıq belə bir qənaətə gəlməyə əsas verir. Adama elə gəlir ki, F.Qarayev hər bir idmançının həm dostudur, həm də düşməni. Elə bil ki, idmançılarını onların özündən yaxşı tanıyır.
İdmançının psixoloji hazırlığı həm də: hərəki fəaliyyətə mükəmməl yiyələnməkdə, məşq və yarışlar zamanı idmançının sabit çıxışını təmin etməkdə, yüksək səviyyədə işgüzarlıq göstərməkdə və ən çətin anlarda fərdi fəaliyyəti davam etdirməkdə, eləcə də şəxsi keyfiyyətlərin bərqərar olunmasında psixoloji funksiyaların əhəmiyyətli rolu nəzərdə tutulur.
Sinir sisteminin düzgün tənzimlənməsi psixoloji finksiyaların tərbiyə olunmasına imkan yaradır. Ona görə ki, əksər hallarda mənfi iradi keyfiyyətlər vegetativ sinir sisteminin fəaliyyətində şərti reflekslərin pozulması ilə əlaqədar olur.
Yuxarıda göstərilənlərin nəzərə alınması idmançıların psixoloji hazırlığına əsaslı təsir edir və onu gücləndirir.

Tomas İsmayılov
ADBTİA-nın Pedaqogika-psixologiya kafedrasının dosenti

Xəbər 8865 dəfə oxundu.