“Krılya Sovetov” komandasının hücumçusu Şeydayev Azərbaycan yığmasına dəvət olunub
Samaranın “Krılya Sovetov” klubunun mətbuat xidmətinin verdiyi məlumata görə, bu komandanın hücumçusu Ramil Şeydayev Azərbaycan milli yığmasına dəvət olunub.

Azərbaycan yığması sentyabrın 7-də Bakıda Kosovonun milli komandası ilə görüşəcək, 3 gündən sonra isə Ta-Kali şəhərində Malta yığması ilə qarşılaşacaq. Bu matçlar Millətlər Liqası oyunları çərçivəsində keçiriləcək. Bildirilir ki, 22 yaşlı hücumçu sentyabrın 2-də Azərbaycan milli yığmasının sərəncamına yola düşəcək.

Şeydayev Sankt-Peterburqun “Zenit” komandasının yetirməsidir. 2016-2018-ci illərdə Türkiyənin “Trabzonspor” komandasının oyunçusu olmuş azərbaycanlı futbolçu bu müddətdə icarə qaydasında Slovakiyanın “Jilina” və Azərbaycanın “Qarabağ” komandalarında da çıxış edib.

Cari ilin avqust ayında Şeydayev “Krılya Sovetov” ilə bir mövsümlük saziş imzalayıb.

Xəbər 910 dəfə oxundu.