Liqaya doğru - Çempionlar, ya Avropa?
Cavab Borisovda veriləcək

Azərbaycan klub çempionu Avropa futbol səhnəsində son illərdə nisbi uğurlarının ən məsul matçına Borisovda çıxacaq.

Səfər matçında "Qarabağ"ın mübarizəni iki Liqadan hansına doğru aparacağı məlum olacaq. Doğma divarlar arasında komandanın məğlub olması yeniləşən kollektivə əsas iradların mahiyyətini əyani nümayiş etdirdi. Bununla belə BATE ilə qarşılaşmada əvvəlki mərhələlərdəki duellərlə müqayisədə bir qədər də irəli gedərək möhkəmlənən bir heyət gördüyümüzü söyləmək mümkündür.
Bu mərhələdəki rəqib Azərbaycan çempionu hətta ötən il Çempionlar Liqasının qrupuna aparan yolda üz-üzə olduğu danimarkalı rəqibindən də müşkül idi. İlk növbədə, ona görə ki, BATE həmin klubla müqayisədə nisbətən zəif təsir bağışlasa da, daha möhkəm oyuna malikdir. Avropa səhnəsində qrup turnirlərinin komandalara nə qədər möhkəmlik, ənənələr, güc gətirdiyini bizim klublar hələ indi anlamağa başlayırsa, Belarus futbolu bu yolu lazımınca keçib və qiymətləndirib. Doğrudur, bu ölkənin təmsilçiləri də qeyri-sabit oyun göstərməyə və ləngər vurmağa meyillidirlər. Lakin onların Avropaya açdığı hər pəncərənin təsiri ölkə futbolunda əksini tapır. Ən azı, futbolçuların orta fiziki və funksional göstəriciləri Azərbaycan klublarının ehtiyatı ilə müqayisədə yüksəkdir.

Əgər Bakıdakı məğlubiyyətin səbəblərini araşdırsaq, bunu təkcə "Qarabağ"ın heyətinin yenidən formalaşması ilə əlaqələndirmək olmaz. Çünki əvvəlki mərhələlər komandanı indiyə qədər püxtələşdirməli idi. Burada bir psixoloji incəliyi nəzərə almaq lazımdır. Seçmə mərhələlərin əsas mənfi cəhəti komandalara mərhələdən-mərhələyə təsir göstərməsidir. Çünki rəqiblərin hər biri fərqli səviyyənin təmsilçisi olmaqla yanaşı, hərəsi, ilk baxışda, sirli, lakin səbəbləri bəlli təsir gücünə və iddiaya sahibdirlər. Üstəlik, nəzərə alaq ki, yarışın müntəzəm deyil, pley-off xüsusiyyəti əks-effekti gücləndirir. Bu mənada, "Kukeş"dən sonra BATE-yə köklənmək üçün, həm də müvafiq təhlilləri aparmağa vaxt məhdud idi və əsas yük məşqçi korpusunun üzərinə düşürdü. BATE ilə qarşılaşmada strateji səhvlər məhz oyunun tam qələbə ovqatına köklənməməsində idi. Birinci görüşdə məğlub olmadan rəqibin oyununu hiss etmək və əsas hədəfləri cavab matçına qorumaq heç də həmişə effekt vermir. Qeyd edilənlərin bir həqiqəti var: seçmə mərhələləri daha rahat keçməyin yolu yalnız heyəti Avropanın orta klub futbolu səviyyəsində gücləndirməkdir ki, bunu klublarımız edə bilmir. Amma bu, təkcə Azərbaycan klublarının problemi deyil. Elə hazırkı rəqib BATE-nin təmsil etdiyi Belarusda da klubların eyni müşkülü var.

Futbol oyununu bütövləşdirən digər elementləri də nəzərə alsaq, "Qarabağ"ın səfərdə fərqlənmək üçün daha çox şansı var. İlk növbədə, rəqib tempini saxlasa belə, Bakıda istifadə etdiyi yanaşma, Borisovda daha çox Azərbaycan çempionunun karına gələcək. Hesabda geri olsa belə, təmsilçimizin fərqlənmək və rəqibi psixoloji cəhətdən sındırmaq imkanı var. Bunun üçün məşqçi korpusu bir qədər fərqli və bu günə qədər sadiq qaldığı oyun formalarını daha da çevikləşdirməlidir. Futbolçuların fərdi ustalığını dəyərləndirib onlara meydan açmaqla, komanda oyununun potensial imkanlarını təzyiq formasına çevirməklə rəqibin səfini dağıtmaq olar. Rəqib daha ehtiyatlı oynamağa meyilli olarsa, bu imkanlar daha erkən özünü büruzə verə bilər. Digər hallarda da "Qarabağ" üçün bir şansın qazandıracağı üstünlük çox böyükdür.
Əsas problem komandanın fərdi oyunu, yeri gələndə, komanda oyununa çevirə bilməməsidir. Formalaşmanın, uyğunlaşmanın bir qədər ağır getməsi bunun ilk səbəbidir. Taktiki çiylik isə bu mənzərəni bir az da ağırlaşdırır. İllərdir "Qarabağ"da məşqçi korpusunun rəqibləri analiz edən qrupunun yetərli olmamasını qeyd edirik. Eyni zamanda, transfer bazarında illərdir komandanın tam eyni qazanda qaynaması da ümumi yüksəlişi ləngidir.

Bakıda "Qarabağ"ın məğlubiyyətdən bir saata yaxın bir müddət ərzində yaxa qurtara bilməməsinin ilkin səbəbi hücumun məntiqi sonluqlarının olmaması idisə, daha bir tərəfi planlaşdırılmış hücum planının məhdud çərçivədən çıxmaması idi. Oyun və təzyiq cəhdləri yalnız rəqibin buraxacağı səhvlər üzərində qurulur və ehtiyat plan yoxdur. Ələ düşən fürsətdən isə yararlanmaq mümkün olmayanda, tələskənlik yaranır və faydalı iş əmsalı, peşəkarlıq aşağı düşür. Bir sözlə, Bakıda rəqib "Qarabağ"ın yaradıcı imkanlarını yetərincə qiymətləndirə bilmişdi. Qarşıdakı matçda bunlar nəzərə alınsa, "Qarabağ" bir qolla üstünlüyü ələ alıb, istədiyi nəticəyə yaxın olacaq.

Əlbəttə, hətta bu olmasa belə, komandamızın Avropa Liqasında yer almaq şansı çox olacaq. "Şeriff" də, "Valür" də, ciddi qəbul olunmaq şərti ilə, keçiləsi rəqiblərdir. Amma işi o həddə çatdırmamaq üçün Borisovda bütün bacarığı ortaya qoymaq və hollandları Bakıda qarşılamaq lazımdır.

BATI YAR


Xəbər 1200 dəfə oxundu.