Çempion yeni mövsümə də mühüm qələbə ilə başladı
Ümid var: dördündən ikisinin peşəkarlığına, ikisinin də bəxtinə

Azərbaycan futbolunun yeni Avrokubok ümidləri bu dəfə fərqli ümidlərlə başlamalı idi. Son illərdə Avroliqa, Çempionlar Liqasının qrup yarışları tələblərə də təbii dəyişiklik gətirmişdi.

"Neftçi" və "Keşlə"nin oyununda mövsümün sonuna doğru baş verən müsbət dəyişikliklər bu ümidin daha bir qığılcımı oldu. Həm də "Qarabağ"dakı yeniləşmə kursunun da klubun təpərinə böyük zərbə olmayacağına işarə edirdi. Yalnız yeni mövsüm ərəfəsində "Qəbələ"də baş verən dəyişikliklər bir az şübhələrə yol açmışdı.
Avropa kubokları uğrunda yarışların dəyişən formatı fonunda klublarımızdan bir az da ciddi yanaşma tələb edəcəyi aydın ikən, çox fərqli və təzadlı oyunlara şahidlik etdik. Bunu gözləyirdik də. Səbəblərdən çox bəhs etmək olar. Dörd təmsilçimizdən ikisi - məğlub olanları - tutduqları mövqedən, Avrokuboka köklənmiş hazırlıqdan çox seçdiyi kursa doğru minimal vəzifələrlə irəlilədilər. Heyətlərlə bağlı verilən qərarlar buna aparırdısa, hazırlıq planları da qəribəliklərlə dolu idi. "Qarabağ"la "Neftçi" isə nə qədər natamam oyun nümayiş etdirsələr də, çəkdikləri zəhmətin bəhrəsini gördülər. Amma üzücü duruma düşmüş təmsilçilərimiz kimi, qalib kimi ilk oyunu tərk edənlərin də hələ tam olaraq ilk məsələni həll etdiklərini söyləmək olmaz. Qarşıda çox gərgin başlanğıclı cavab görüşləri var.

Başlayaq "Qarabağ"dan. Komanda ilk matçında natamam olsa da, yeniləşmə kursunun ilk bəhrəsini gördü. Oyunçuların fərdi və ümumi fiziki hazırlığındakı çatışmazlıqlar oyundan-oyuna normali təlim-məşq və rəsmi matçlar qrafiki ilə tənzimlənə bilər. Ən əsası, klomanda formalaşdırdığı imicini qorumaq üçün lazım olan addımları atır. Məhz komanda kimi və 90 dəqiqə oyun qura bilən kollektiv kimi diqqət çəkən "Qarabağ" sabit strateji hədəfləri ilə Azərbaycan futboluna bu standartı gətirməyə yaxındır və bununla digər klublarımızı da yerindən tərpətməyə qadirdir. Əgər oyun planında çatışmazlıqlardan danışsaq, onu istər taktiki çiylikdə, istər funksional hazırlıqda da axtara bilərik. Lakin ilk matçın nəticəsi, komandaya şans verir. Axı, rəqib də ilk mərhələ üçün asanlardan sayılmır. Üstəlik, taktiki cəhətdən "Qarabağ"a layiq ola biləcəyini də nümayiş etdirib. Qarşıdakı matçda "Qarabağ" səhlənkarlığa yol verməsə, rəqibi öz silahı ilə vura bilmək iqtidarındadır. Sadəcə, orta xətdə yeni tipli oyun qurmaq üçün fərqli planların da işlənməsi vacibdir. Çünki hücum quruculuğunda axsamalar komandanın müdafiə planlı oyununda da əksini tapa bilər.

Avroliqa iştirakçılarımızdan daha çox "Neftçi" ötənilki uğuru əldə etmiş məşqçi korpusunu yeniləmək qərarının doğru olduğunu isbat etmək üçün ilk ciddi addımını atmış oldu. Hərçənd matçın ilk hissəsi mövcud problemlərin tam həll olunmadığını göstərdi. Ümid isə yeni sükançının yerli futbolçuların, xüsusən də orta və ön xəttin oyunçularının faydalı iş əmsalını artırmağa nail omlasıdır. Bunun nə qədər əsaslı bir dəyişiklik olduğunu, yəni bir atımlıq barıt olmadığını qarşıdakı müddətdə görəcəyik. Çünki bizim futbolçulara ani parlaqlıq ulduzluq xəstəliyi gətirib tez də sönmələrinə səbəb olur.

Hər halda "Neftçi" son dəqiqələrin də qolu ilə tarixinin yeni səhifəsini daha parlaq açmağa şans əldə edib. Hərçənd rəqibin də yolçuluq iztirablarını nəzərə alaq və onların doğma divarlar arasında böyük sürprizlərə qadir ola biləcəklərini unutmayaq. Çünki bir taktiki-texniki səhv komandamıza çox baha başa gələ bilər. Bunun üçün qarşıdakı matçda fəallıq ağıl oyunu ilə tənzimlənməlidir və "Qarabağ" kimi, "Neftçi" də bir qələbənin şişirdilmiş arxayınçılığına yol verməməlidirlər. Bunun üçün peşəkarlıq nümayiş etdirib qarşıdakı oyuna ciddi qiyafədə çıxmaq da yetər.
"Qəbələ" ilə "Keşlə" bu mərhələdə, digər avrokubok təmsilçilərimizlə müqayisədə daha rahat keçilən rəqiblərlə üz-üzə olsalar da, nəinki vəziyyəti lazımınca dəyərləndirdilər, hətta rəqibləri öyrənənə də oxşamırdılar. Buna görə də aydın səmada şimşək effekti ilə uduzdular. Hər iki matçda məşqçi korpusuna suallar çoxdur. Lakin cavab qarşılaşması ərəfəsində komandalara böyük zərbə vurmamaq xatirinə, ikinci oyunda bu səhvləri aradan qaldırıb ümumi qələbə naminə daha böyük səy göstərəcəklərinə və işlərinə daha ciddi yanaşacaqlarına ümid edək.
Bəli, hər il məhz ümid kəlmələri ilə başlayırıq. Çünki hər dəfə komandalarımızın qəfil kurs dəyişikliyinə və sonunda klubların iflasına o qədər öyrəncəli olmuşuq ki, ehtiyatlı davranaraq təmsilçilərimizə ürək-dirək verməkdən başqa çarə qalmır. Ona da ümid edək ki, bu dəfəki "Qəbələ" dəyişikliyinin sonu yaxşı olacaq və klubda, sadəcə, son illərdə formalaşmış strateji hədəflər, sistem və ümumi kurs dəyişsə də, işin ümumi məğzi qorunub saxlanılacaq. Çünki bu qədər təsərrüfat quruculuğu, sistemli addımlardan sonra Azərbaycan futboluna növbəti zərbənin də təsiri ağır olacaq.

Hər halda, bu iki komandanın ümidi möcüzəyə bənzərdir. Lakin bu, həyata keçirilə biləcək, başqa sözlə, qeyri-adi olmayan, daha çox doğru taktiki və heyət seçimləri ilə mümkünlüyü göz qabağında olan, yəni sadə və adi möcüzədir - bəxtə, ondan əvvəl öz gücünə inam ümididir.

BATI YAR

Xəbər 1146 dəfə oxundu.