Oyun təzadları şübhələrə əsasdır
Milli futbol komandamız Millətlər Liqasına hazırlığın əsas mərhələsini başa vurdu. Bundan sonra Qurban Qurbanovun rəhbərlik etdiyi məşqçi korpusu qəti qərarlarını verməlidir. Çünki məqam yetişib və komandadan yalnız yüksək ruh, coşğu və ən əsası məhsuldar nəticəli oyun gözlənilir.

Ötən seçmə mərhələni böyük ümidlə başlayıb, məyusluqla bitirən komanda üçün bundan sonra büdrəmək olmaz. Axı, sükan arxasında yerli futbolun yetirməsi yer alır. Uzun illərdən sonra ilk dəfə öz mütəxəssisinə qovuşan kollektivdən indi yalnız yüksəliş gözlənilir. Hələ onu da qeyd edək ki, 2020-ci ilin qitə çempionatının final mərhələsinin oyunları da Bakıda keçiriləcək.

Ötən iki yoldaşlıq oyunu və bundan əvvəlki Qırğızıstanla görüşü təhlil etsək, ortada ciddi dönüşün olmadığını müşahidə etmək mümkündür. Xüsusən Astana və Riqa səfərləri bir-birinə təzad təşkil edən iki matçı ortaya qoydu.

Təəssüf ki, hər iki oyunda yalnız rəqiblərin mövcud səviyyəsi nəticələri müəyyən etdi. Komandamızın arxa xətdə tam bərbad oyun səviyyəsi hələ də davam edir. Əvvəlki illərdən fərqli olaraq orta xətdə nisbətən irəliləyiş var. Ön xətdə isə həlledici zərbə anlayışı yenə yoxa çıxıb.

Əgər qazaxlar komandamıza lap əvvəldən şans vermədilərsə, latviyalılar əvvəldən oyunu rəqibə verilən təşəbbüs üzərində qurub yanıldılar. Milli komandamızda hələ də oyun quruculuğu yox səviyyəsindədir. Bu kollektivin nə üçün meydana çıxdığını tez-tez dəyişən mənzərə ilə anlamaq olmur. Komandanın vahid oyun prinsipi, konkret seçimi, qarşılaşma üçün məqsəd və məramı hələ də bilinmir. Məşqçi əlinin zəif görünməsi ilə yanaşı, hələ heyətlə bağlı problemlər də var. Üstəlik, əldə olan futbolçuların da hər birinin oyun tərzi, fərdi keyfiyyətləri tam öyrənilməyib. Bəelə klub futbolu təfəkkürü məşqçi korpusunun əsas maneəsidir. Hər halda yaxın vaxtlarda hədəflər bəlli olmasa, qarşıdakı rəsmi matçlar seriyasında komanda böyük çətinliklərlə üz-üzə qalacaq.

BATI YAR

Xəbər 943 dəfə oxundu.