Böyük həyəcan başlanır
İlk dəfə ... iki qitədə, Şərqi Avropada, postsovet məkanında, Rusiyada

Dördilliyin ən böyük futbol bayramına sayılı saatlar qaldı. Cəmi 2 gündən sonra Moskvada Rusiya - Səudiyyə Ərəbistanı qarşılaşması ilə böyük oyun həyəcanı başlanacaq.

32 gün ərzində hesabat dövrünün ən güclü futbol ölkəsinin adı elan ediləcək. Bu müddət kiminin yüksəlişi, kiminin enişi ilə tarixin yaddaşına həkk olunacaq.
İki qitə, fərqli saat qurşaqları ilə yanaşı, ilk dəfə Şərqi Avropada, ilk dəfə postsovet məkanında və deməli, ilk dəfə Rusiyada böyük futbolun sevinc-kədər, coşqu-üzüntü, amma bütün bunların yekununda böyük həzz anları yaşanacaq. Yeniliklər tək bu olmayacaq: İslandiya və Panama ilk dəfə finalçı dadını çıxaracaq, 20 komanda ardıcıl ikinci final mərhələsi iştirakçısı olacaq.


11 şəhərin 12 stadionunda keçirilən turnir videotəkrarların istifadəsinə icazə verilmiş ilk dünya çempionatı olacaq. Ümid edək ki, 2016-cı ilin sentyabrında 209 ölkənin təmsilçisinin iştirakı ilə başlanan dəri top marafonunun ən böyük itkisi elə böyük İtaliya futbolu olacaq və unudulmaz xatirələrə, əsl futbolun təntənəsi ilə başa çatacaq. Bu gün böyük futbolun pərdəarxası qalmaqalları fonunda buna çox ehtiyacı var.

Avstraliya, İndoneziya, Meksika, ABŞ, Yaponiya ilə gərgin raqəbətdə qalib gəlmiş Rusiya ev sahibi oldu və ekspertlərin hesablamalarına görə, hazırlıq prosesinə 12-13 milyard dollar xərcləyib (Müqayisə üçün Braziliya 4 il əvvəl 11 milyard xərcləmişdi). Digər hesablamalara görə, müxtəlif sahələr üzrə infrastrukturun inkişafı ilə yanaşı, turnirin Rusiya üçün iqtisadi effekti daha çox gəlirlə müşayiət olunacaq.

"Zabivaka" adı verilmiş canavarın tərənnüm edəcəyi yarışda ümumən 64 oyun yeni, bəlkə də köhnə-təzə qalibin adını böyük futbol salnaməsinə həkk edəcək.

BATI YAR

Xəbər 433 dəfə oxundu.