Mövsümün sonuncusu da bilindi
Buraxılmış fürsətlər həftəsi Milli futbol mövsümünün əsas yarışı - Premyer liqanın başa çatmasına üç tur qalmış və yaxud çempion bəlli olduqdan cəmi bir həftə sonra turnirin ikinci ən mühüm sualı cavabını tapdı: elitada sonuncu yeri, gözlənildiyi kimi, "Kəpəz" tutacaq. Bu, "Səbail"in çempionatda Sumqayıtda ikinci dəfə də məğlub olmamasından sonra aşkara çıxdı. Beləliklə, debütant da minimal vəzifəni yerinə yetirdi. İndi bu komanda "Keşlə" ilə “mövqe döyüşü"nə çıxır.

Ümumiyyətlə, ötən həftə çox maraqlı keçdi və onu "əldən verilən fürsətlər turu" da adlandırmaq olar. Ən böyük şansı "Neftçi" qaçırdı. Keçən həftə "Zirə"ni 4-cü pillədən salan "ağ-qaralar" mükafatçılar sırasında yer almaq üçün "Sumqayıt"ı da geridə qoymaq üçün ən gözəl fürsəti əldə etmişdi. Lakin bir həftə əvvəlki icmalda da qeyd etdiyimiz kimi, komanda yenidən qəribə eniş zolağına düşüb. Kubok uğrunda matçın ev görüşündə məğlub olduqdan sonra, yaralı "Zirə"ni də kollektiv daha çox rəqibin səhvləri üzündən keçdi. Bu dəfə də "Neftçi" daha bir solğun oyun keçirərək, kubokun final görüşü ərəfəsində "Keşlə"yə özünü toparlamaq fürsəti verdi. "Neftçi"nin enişi, əslində, gözləniləndir. Çünki müntəzəm yarışda bütün turniri eyni templə və yalnız yüksələn xətlə keçirmək, həm də problemlər ağuşunda ola-ola bunu bacarmaq çox müşkül məsələdir. Bir gün "doymuş buxar" olub uçmaq da mümkündür. Bu aqibətlə üzləşməmək üçün "Neftçi" son qüvvəsini də toparlamalıdır. Bu, ilk növbədə, hər bir futbolçunun peşəkarlığının göstəricisi olacaq. Əlbəttə, istənilən halda "ağ-qaralar"ın ipini bu mövsüm bir tövrlə yığıb-yığışdırmağın özü də böyük qəhrəmanlıqdır. Çünki komanda tam iflasdan qayıdıb və yeni mövsümə toparlanmaq üçün fürsət qazanıb. Bununla, "Neftçi"nin son turlarda belə deyiləcək sözü olmalıdır.

Komandanın 3-cü, yaxud 5-ci, ya da ki, elə hazırkı mövqeyində qalacağı həm də prinsipial rəqiblərindən asılıdır. Artıq heç bir stimulu qalmayan, yalnız şərəf xatirinə oyunlara çıxacaq "Kəpəz" bu görüşlərdə daha çox söz sahibi olacaq. Çünki qarşıdakı turlarda o, "Neftçi"dən savayı, "Zirə" və "Sumqayıt"ı da dişə çəkməyə çalışacaq.

"Zirə"nin taleyi bəlliykən və öz əlində olmadığından "Sumqayıt"ın ötən tur bu qədər solğun görünməsi qəribə idi. Axı komanda, əslində, ikinci yerə çıxmaq üçün əla şansa malikdir. Həm də "Qəbələ"nin sanki özünə qayıdıbmış kimi autsayderə böyük hesabla qalib gəlməsindən sonra sumqayıtlılarda özünəinam və idman qəzəbi yüksəlməliydi. Görünür, finiş ərəfəsində kollektiv psixoloji gərginliyin təsirindən ipi əldən verməyə başlayıb. Medalçılar sırasında yer almaq üçün "Sumqayıt" daha da inamlı olmaq əvəzinə, yorğun kütləyə bənzəməyə başlayıbsa, liderlik iddiasında olmağa hazırlaşan bir kollektiv kimi görünməsinə də, deməli, hələ çox var. Bu templə Avropanın qapısını da yarımçıq açmaq olar, lakin sanballı nəticə göstərmək olmaz. Yəni bir tur keçim, sonrası tutar qatıq, tutmaz ayran prinsipi ilə keçəcəksə, o yarışa da getməyə dəyməz. Yoxsa belə çıxacaq ki, əldə olunan nailiyyət oyun elementləri, sadəcə, birgə keçirilən dövrün toplanmış qeyri-ixtiyari təcrübəsinin məhsuludur. Futbolçuların lider psixologiyasında problemlər hiss olunursa, görüləsi işlər də çoxdur.

Açığı, "Zirə" bu tur qış fasiləsindən sonra "Qarabağ"la matçda daha keyfiyyətli görünürdü. Kollektivin psixoloji problemləri olmasaydı, yəqin ki, "Qarabağ" matçdan böyük enerji itikisi ilə çıxacaqdı. Hər halda, zirəlilər finiş ərəfəsində mövsümü daha yüksək notlarla başa vurmaq üçün yaxşı fürsət yaxalayıblar.
Ötən tur gözlədiyim ən maraqlı məsələ "Qarabağ"ın finiş dördturluğunda oyun tərzi, üslub və oyunçu seçimi idi. Artıq heç nəyə ehtiyacın qalmadığı bir yarışda Qurban Qurbanovun təfəkkür dəyişikliyinə başlayacağını gözləyirdim. Bəzi elementlərdə bunu hiss etmək olsa da, bunu daha açıq və qabarıq şəkildə də tətbiq etmək olardı. Qarşıdakı üç tur çempionun təkcə rotasiya deyil, həm də taktiki və strateji hədəflərdə sınaqlara başlaması üçün gözəl fürsətdir. Potensial imkanları açmaq, yeni kəşflər axtarmaq baxımından hələ qarşısında məqsədi olan və ciddiyyəti əldən verməyən rəqiblərlə qarşılaşmalar əsl meydandır. Axı, yeni mövsümün qarşıda hazırlıqlarının sparrinqləri bu effekti verməyə də bilər.

Yəqin, "Qəbələ"dən də söz açmaq məqamıdır. Nəhayət, finiş ərfəsində komanda oyanıb və ikinci yeri itirə biləcəyini hiss edib. Doğrudur, "Kəpəz"lə ilk qola qədər yenə həmin "Qəbələ"ni izləyirdik. Amma bir qol çox şeyi dəyişdi: rəqib nə qədər irəli atılsa da, bu, aqoniyadan - faydasız canfəşanlıqdan başqa bir şey olmadı. Sanki "Kəpəz" də artıq heç kimə rəqib olmayacağından mənəvi cəhətdən boşalıb - bu halda, heç bir istək köməyə çatmır, yalnız öz daxilində peşəkarlıq meyarlarını hiss edənlər buna qadirdirlər. "Qəbələ"nin oyanışı və bəzi oyun elementlərində yeknəsəqlikdən çıxılması gələcəyə, cüzi olsa belə, ümid işığı saçdı. Kollektivin yeni mövsümə necə formalaşacağını demək olmasa da, "Sumqayıt"ın da səhvi ona ikinci yeri vəd edir və tet-a-tet duelə qədər komanda taleyini öz əlində saxlaya bilər.
Çox böyük gümanla, qarşıdakı turlarda "Səbail"lə "Keşlə"nin əvvəlcə qiyabi, nəhayət, son turda əyani dueli də futbol marağı baxımından diqqətdə saxlanılmalıdır. Bu, ilk növbədə, debütant üçün prinsipial xarakter daşıyır. Yeni mövsümə inamla adlamaq və özünü təsdiq etmək üçün autsayderdən savayı, daha bir ənənəsi olan kollektivi də geridə qoymaq əsl qazanc olar. Üstəlik, oyun planında təkcə "Keşlə" deyil, elə "Səbail"in özü də fasilədən sonra müsbət dəyişikliklərə məruz qaldığını göstərir. Hətta bu, "Səbail" üçün baş məşqçisinin elə də zəngin olmayan rəhbərlik karyerasında keyfiyyətcə yeni dönüş mərhələsinə çox bənzəyir.

Bir sözlə, düyünlərin açılmağa başladığı bir turda qarşıdakı həftələr üçün maraq doğuran lokal və qlobal məsələlər qalıb.

İndidən finişdən sonrakı dövrün ilk əsas mövzusundan söhbət açmağın zamanıdır. Məncə, "Kəpəz"in elitada saxlanması əsas şərtə çevrilib. Təbii ki, bu aşağı divizionda il boyu maraqlı mübarizələrə meydan açmış kollektivlərin hüquqlarının da tapdalanmaması şərtilə baş verməlidir. Bir sözlə, yeni mövsümdə məqsəd baxımından qısırlaşmış elita iştirakçılarının sayını artırmaq barədə düşünmək vaxtıdır - hətta bu məsələdə gecikməyə yol verilir. Gələn mövsümə 10 və əslində, çəkinmədən, 12 kollektivlə də getmək, bununla yanaşı, aşağı divizionda da yeni klubların yaranmasına, hətta peşəkar olmasa belə, bəzi güzəştlərlə əyalət komandalarına şans vermək lazımdır. Çünki Azərbaycan futbolu son potensial imkanlarını da xərcləməkdədir. Onu yalnız yarış meydanları və oyunları izləyəcək az və ya çoxsaylı azarkeşlərin düşəcəyi təsir dairəsi özünə qaytara bilər.

BATI YAR

Xəbər 1285 dəfə oxundu.