Polo üzrə Azərbaycan yığması İtaliyada keçiriləcək Avropa çempionatına yola düşür
Beynəlxalq Polo Federasiyasının və İtaliyanın Atçılıq İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə sentyabrın 20-dən 30-dək İtaliyanın Siena şəhərində Avropa birinciliyi keçiriləcək. Turnirdə Avstriya, Almaniya, Fransa, Niderland, Slovakiya, İspaniya, İsveçrə, İrlandiya, İtaliya və Azərbaycan yığma komandaları iştirak edəcəklər.

Polo üzrə Azərbaycan yığma komandası ilk dəfə iştirakçısı olacağı Avropa çempionatına hazırlıq üzrə təlim-məşq toplanışlarını yekunlaşdırıb. Almaniyanın Mühlen şəhərində keçirilən təlim-məşq toplanışlarında milli yığmamız peşəkar və təcrübəli klub komandaları ilə sparrinq qarşılaşmaları keçirib, idmançılarımız qitə birinciliyi ərəfəsində zəruri oyun təcrübəsi əldə ediblər. Hazırda Bakıda səfər öncəsi son məşqlərini keçirməkdə olan milli komandamızın Avropa çempionatında əsas hədəfi ən yüksək pillə uğrunda mübarizə aparmaqdır.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti, general-polkovnik Elçin Quliyev Polo üzrə Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, görüşdə yığma komandanın Avropa birinciliyinə hazırlıq vəziyyəti müzakirə olunub.

General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi ali diqqət və qayğı nəticəsində atçılıq idman növlərinin son illər böyük inkişaf yolu keçdiyini, xüsusən polo sahəsində önəmli nəticələrin əldə olunduğunu qeyd edib. 2015-ci ildə Bakıda keçirilmiş Arena Polo üzrə Avropa birinciliyində millimizin qələbəsinin Avropanın aparıcı polo komandalarını yığmamıza hörmətlə yanaşmağa və Azərbaycan idmançıları ilə görüşlərə ciddi hazırlaşmağa məcbur etdiyi vurğulanıb.

ARAF-ın baş katibi Bəhruz Nəbiyev milli komandanın üzvlərinin səfəri ilə əlaqədar təşkilati məsələlər barədə məlumat verib.

Yığmanın məşqçisi Namiq Orucov komandanın qitə birinciliyinə hazırlığın vəziyyəti barədə məlumat verib. O, idmançılar üçün yaradılmış şəraitə, Almaniyada təşkil olunmuş təlim-məşq toplanışlarına görə minnətdarlığını bildirib.

ARAF-ın prezidenti Elçin Quliyev yığma komandanın səfəri ilə əlaqədar zəruri tapşırıq və tövsiyələrini verib, idmançılara Avropa birinciliyi kimi mötəbər turnirdə Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağını ucaltmaq şərəfini yaşamağı arzu edib.

Xəbər 1512 dəfə oxundu.