Qurban bayramı münasibətilə veloyürüş keçirilib
Həvəskar velosipedçilərdən ibarət “VS GROUP” klubunun təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə Qurban bayramı münasibətilə veloyürüş təşkil edilib. Yürüşdə qrupun yaşı 15-dən 60-dək olan 30-a yaxın üzvü iştirak edib.

Federasiyadan bildiriblər ki, yürüşə azərbaycanlı həvəskar velosipedçilərlə yanaşı, İngiltərə, Amerika Birləşmiş Ştatları, Almaniya, Rusiya, Bolqarıstan, Sloveniya, Serbiya, Ukrayna və Tacikistandan olan paytaxtımızın qonaqları, həmçinin Azərbaycanın şose velosipedi üzrə yığma komandasının üzvləri qoşulub. Buzovna-Şüvəlan marşrutu üzrə 17,5 kilometrlik marşrutu qət edən velosipedçilər yürüşü “Dalğa Arena”da başa çatdırıblar.

Veloyürüşdə iştirak edən əcnəbi qonaqlara Qurban bayramı haqqında ətraflı məlumat verən “VS GROUP” klubunun təşkilatçıları ölkəmiz üçün əhəmiyyətli olan günlərdə belə yürüşləri yenidən təşkil edəcəklərini və velosiped idman növünün təbliğinə bundan sonra da çalışacaqlarını bildiriblər.

Xəbər 1223 dəfə oxundu.