Bakıda keçiriləcək mas-reslinq üzrə Avropa çempionatı ilə əlaqədar müzakirələr aparılıb
Avqustun 18-də Bakıda keçiriləcək mas-reslinq üzrə Avropa çempionatı ilə əlaqədar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) görüş keçirilib.

Görüşdə Baş İdarənin rəisi Raqif Abbasov belə yarışların ölkəmizdə keçirilməsinin Azərbaycan dövlətinin əldə etdiyi uğurların göstəricisi olduğunu vurğulayıb. O, dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi və dəstəyi ilə Azərbaycan son illərdə bir neçə mühüm beynəlxalq idman yarışına yüksək səviyyədə ev sahibliyi edib. Bu uğurlar nəticəsində ölkəmiz dünyanın idman mərkəzlərindən biri olduğunu sübuta yetirib.

Beynəlxalq Mas-reslinq Federasiyasının baş katibi İnnokenti Qriqoryev ölkəmizdə idman qurğuları və idman məktəbləri ilə yaxından tanış olduğunu diqqətə çatdırıb. O, Azərbaycanın idman infrastrukturunun ən müasir tələblərə cavab verdiyini deyib.

Azərbaycan Mas-reslinq Federasiyasının prezidenti Ramiz Əliyev, fəxri prezidenti Samir Abdullayev qurumun fəaliyyəti və Avropa çempionatına hazırlıq işləri barədə məlumat veriblər.

Söhbət zamanı ölkəmizdə idmanın bu növünün inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Xəbər 732 dəfə oxundu.