U-20 qadınlar arasında dünya çempionatında ilk iki yarımfinalçı müəyyənləşib
Fransada keçirilən 20 yaşadək qadınlar arasında futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsinin iki oyunu keçirilib.

Ev sahibi Fransa yığması ilə İspaniya millisi adlarını yarımfinala yazdırıblar.

“A” qrupunu 7 xalla birinci sırada tamamlayan Fransanın futbolçu qızları dörddəbir finalda “B” qrupunun ikincisi olan Şimali Koreya yığmasını minimal hesabla məğlubiyyətə uğradıblar.

Digər oyunda isə “C” qrupunun lideri İspaniya “D” qrupunda ikinci olan Nigeriyaya qalib gəlib – 2:1.

Dörddəbir final mərhələsinin bu gün oynanılacaq digər iki görüşündə İngiltərə ilə Niderland, Almaniya ilə Yaponiya yığmaları üz-üzə gələcəklər.

Xatırladaq ki, U-20 qadınlar arasında dünya çempionatında 16 komanda dörd qrupda mübarizə aparır. “A” qrupunda Fransa, Niderland, Qana və Yeni Zelandiya yığmaları yer alıblar. İngiltərə, Şimali Koreya, Meksika və Braziliya yığmaları “B”, İspaniya, Yaponiya, ABŞ və Paraqvay seçmələri isə “C” qrupunda mübarizə aparıblar. “D” qrupunda isə Almaniya, Nigeriya, Çin və Haiti milliləri yarışıblar.

Çempionatda yarımfinal görüşləri avqustun 20-də, üçüncü yer uğrunda oyun və final qarşılaşması avqustun 24-də keçiriləcək.

Xəbər 869 dəfə oxundu.