Lənkəranlı idmançılar yerli və beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər
Lənkəranlı idmançılar respublika əhəmiyyətli yarışlarda və beynəlxalq turnirlərdə uğurla çıxış edirlər.

Bu fikir rayon taekvondoçularının və yunan-Roma güləşçilərinin ənənəvi hesabat yığıncağında səsləndirilib.

Tədbirdə idmançılar və məşqçilərlə yanaşı, valideynlər, ictimaiyyətin nümayəndələri də iştirak ediblər.

Yığıncaqda çıxış edən Azərbaycan Taekvondo Federasiyasının cənub bölgəsi üzrə nümayəndəsi, Lənkəran yığma komandasının baş məşqçisi Vüqar Sultanov idmançıların qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, lənkəranlı taekvondoçular ölkə çempionatında doqquz medal qazanıblar. Medal qazananlardan böyüklər arasında Azərbaycan çempionu adını qazanmış Kübra Əlizadənin ilk lənkəranlı qadın idmançı olduğunu vurğulayan V.Sultanov rayon atletlərinin 2019-cu ildə keçiriləcək ölkə çempionatında və digər yarışlarda da uğur əldə edəcəklərinə əminliyini bildirib.

Diqqətə çatdırılıb ki, əldə olunmuş idman nailiyyətlərində taekvondoçulardan Bahadur Ələsgərli, Kənan Rzazadə, Qönçə Hüseynli, Nəcibə Cəmilzadə, Rufinə Əlizadə, milli komandanın kapitanı Ramin Əzizov, Sultan Fərid və Samir Cavadlının böyük əməyi var.

Tədbirdə, həmçinin yunan-Roma güləşçilərinin də uğurlarından söhbət açılıb. Bildirilib ki, lənkəranlı güləşçilərin beynəlxalq turnirlərdə çıxışları yaddaqalan olub.

Yığıncaqda qarşıda duran vəzifələrlə bağlı tədbir iştirakçılarının təklifləri dinlənilib.

Xəbər 823 dəfə oxundu.