Aleksandr Qlep: “Qarabağ”la oyunda şanslar bərabərdir
“Qarabağ” ilə şanslarımızı bərabər hesab edirəm. Bakıya müsbət nəticə üçün gəlmişik. “Qarabağ”ın yaxşı çıxış edən komanda olduğunu bilirik. Fikrimcə, çətin olacaq. Lakin istənilən halda hər şey özümüzdən asılıdır.

Bunu Belarusun BATE klubunun futbolçusu Aleksandr Qleb “Qarabağ” komandası ilə keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl deyib. 37 yaşlı yarımmüdafiəçi bildirib ki, bu cütün aşkar favoriti yoxdur. O, “Qarabağ” barədə elə də məlumatlı olmadıqlarını etiraf edib: “Rəqibimizin ötən mövsüm Çempionlar Liqasındakı çıxışlarına baxmışam və bəyənmişəm. Hərəkətli və döyüşkən komandadır. Hətta Avropanın top-komandaları da bu kollektivlə qarşılaşmalarda çətinliklə üzləşirdilər. Bu, çox şeydən xəbər verir. “Qarabağ”ı çox ciddi qəbul edirik”.

A.Qleb BATE-nin əvvəlki səviyyədə olmadığı barədə fikirlərə də münasibət bildirib: “Bu sözləri istənilən rəqib barədə də demək olar. Futbolun səviyyəsi ildən-ilə artır. Hətta top-komandalar üçün də autsayderlərlə oynamaq çətinləşir. Bunu 2018-ci il dünya çempionatı da göstərdi. Ona görə də bütün bunlar yalnız söz-söhbətlərdir”.

Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - BATE matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Aleksandr Qleb Belarus futbolunun canlı əfsanəsi sayılır. O, ən böyük uğuruna İspaniyanın “Barselona” klubunun heyətində 2008/2009-cu il mövsümündə Çempionlar Liqasını qazanmaqla imza atıb.

AZƏRTAC

Xəbər 929 dəfə oxundu.