Berlində başlayan atletika üzrə Avropa çempionatında Azərbaycanı üç idmançı təmsil edəcək
Avqustun 6-da Berlində atletika üzrə Avropa çempionatı start götürüb. Ayın 12-dək davam edəcək çempionatda Azərbaycan üç idmançı ilə təmsil olunacaq.

Azərbaycan Atletika Federasiyasından bildiriblər ki, idmançılardan Nazim Babayev və Aleksis Kopello üçtəkanla tullanma, Anna Skidan isə çəkicatma yarışlarında çıxış edəcəklər. Atletlərimiz turnirdə məşqçilər Ziyad Xəlfəyevin və Artyom Rubankonun rəhbərliyi ilə mübarizə aparacaqlar.

Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə, baş katibi Məhərrəm Sultanzadə də Berlinə səfər edəcəklər. Azərbaycan nümayəndə heyəti çempionat çərçivəsində Avropa Atletika Assosiasiyasının və Beynəlxalq Atletika Federasiyasının rəhbərliyi ilə görüşlər keçirəcək.

Çempionatın üçtəkanla tullanma və çəkicatma yarışlarının təsnifat mərhələləri avqustun 10-da, final isə 12-də təşkil ediləcək.

Xəbər 893 dəfə oxundu.