Qadın idman gimnastlarının Avropa çempionatında çıxışları yekunlaşıb
Böyük Britaniyanın Qlazqo şəhərində qadın idman gimnastikası üzrə gənclər və böyüklər arasında Avropa çempionatı start götürüb.

Azərbaycan Gimnastika Federasiyasından verilən xəbərə görə, 35 ölkədən 137 gimnastın iştirak etdiyi qitə birinciliyində Azərbaycan idmançıları da mübarizə aparıblar.

Gimnastlarımızdan Marina Nekrasova və Mariya Smirnova çıxışları zamanı zədələndiklərinə görə bütün alətlər üzrə proqramları tam yerinə yetirə bilməyiblər. Digər gimnastımız Yulia İnşına isə hər 4 alətdə çıxış edib və ən yaxşı nəticəsini dayaqlı tullanmada göstərərək 21-ci olub (12.816 xal).

Ölkəmiz Avropa birinciliyinin qadınlar arasında gənclər proqramında da təmsil olunub. Azərbaycanda idmanın bu idman son dörd ildə inkişaf etdirilməsinə baxmayaraq, gənc gimnastımız yarışda gücünü sınayıb. İştirakçımız Samirə Qəhrəmanova hər dörd alətdə özünə inamla proqramını icra edib.

Avqustun 9-12-də Avropa çempionatında kişi gimnastların mübarizəsi başlayacaq. Böyüklərin yarışında Azərbaycanı Murad Ağarzayev, Dari Morozov, İvan Tixonov, Nikita Simonov, gənclər arasında isə Ramin Dəmirov, Cavidan Babayev, Səməd Məmmədli, Ağamurad Qəhrəmanov və Rüstəm Əhməd təmsil edəcəklər.

Xəbər 939 dəfə oxundu.