“Young Talented Chess Players” festivalının qalibləri məlum olub
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun doğum gününə həsr edilmiş “Young Talented Chess Players” şahmat festivalının qalibləri məlum olub.

Vüqar Həşimov adına Şahmat Akademiyasında təşkil olunmuş festival çərçivəsində iki turnir keçirilib.

Dairəvi sistem üzrə keçirilən “A” turnirində qarşılaşan 10 iştirakçıdan 5-i FIDE-nin ustası idi. “B” qrupunda isə Azərbaycan, Rusiya, Fransa və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən 61 iştirakçıdan dördünün FIDE rütbələri var. Turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarətdir.

“A” turnirində sonuncu, doqquzuncu turdan sonra Zərdab nümayəndəsi Fərid Zeynalov 7 xal toplayaraq qalib gəlib. İkinci yeri Murad İbrahimli (6,5 xal), üçüncü yeri isə Samir Davudov tutub (5,5 xal). FIDE ustası Əhməd Əhmədzadə də eyni sayda xal toplayıb, lakin əlavə göstəricilər nəzərə alınmaqla Samir Davudova üstünlük verilib.

“B” turnirində 9 mümkün xaldan 8 xal toplamış Aqil İsrailov (Bakı) birinci yeri tutub. Elcan Əbdülkərimli (7,5 xal) gümüş, Rəvan Sadiqzadə isə (7 xal) bürünc medal alıb.

Xəbər 871 dəfə oxundu.