UEFA Çempionlar Liqası: "Qarabağ" klubu "Kukesi"nin qapısından üç cavabsız top keçirib
Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Albaniyanın “Kukesi” komandası ilə qarşılaşıb.

Oyunun ilk hissəsi Ağdam təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatıb.

İlk hissədə yeganə qol qarşılaşmanın 24-cü dəqiqəsində vurulub. Belə ki, cərimə meydançasında İnosent Emeqaraya qarşı kobudluğu hakim 11 metrlik cərimə zərbəsi kimi qiymətləndirib. Topa yaxınlaşan Dani Kintana fürsəti əldən verməyib - 1:0.

Matçın ikinci hissəsində də üstün oyun nümayiş etdirən ağdamlılar 52-ci dəqiqədə rəqibin sayca azlıqda qalmasından məharətlə istifadə edərək hesab arasındakı fərqi iki topa çatdırıblar. Rəqib komandanın heyətində Alba Ala qırmızı vərəqə ilə cəzalandırılaraq meydanı tərk edib. Dani Kintana qonaqların qapısına təyin olunan 11 metrlik ikinci cərimə zərbəsini də dəqiq yerinə yetirib - 2:0.

Lakin bu da oyunda sonuncu qol olmayıb.

Görüşün əsas vaxtının başa çatmasına bir dəqiqə qalmış "Qarabağ" komandası "Kukesi" nin qapısına üçüncü dəfə yol tapıb. Ağdamlıların yeni transferi Çin Delarj oyunda son nöqtəni qoyub.

Beləliklə, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iki oyunun nəticəsinə görə 3:0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanıb.

Ağdamlıların növbəti mərhələdə rəqibi Belarusun "BATE Borisov" komandası olacaq.

Xəbər 902 dəfə oxundu.