Ölüm turu təxirə saldı
Həftəsonu İtaliya «A» Seriyasında 33-cü turun oyunları baş tutmalı idi. İdman.com.az saytının məlumatına görə, «B» Seriyanın «Livorno» klubunun oyunçusu Pyermario Morozininin ölümü turun bütün görüşlərini təxirə salıb. Futbolçu şənbə günü komandasının oyununda huşunu itirib və xəstəxana yolunda onun ürəyi dayanıb.

«A» Seriyada şənbə günü iki oyun olmalı idi - «Milan» «Cenoa»nı qəbul etməli, «İnter» isə «Udineze»nin qonağı olmalı idi. Çempionatın lideri «Yuventus» isə qalan görüşlərlə yanaşı, bazar günü səfərdə «Çezena» ilə oynamalı idi. Ancan aprelin 14-də baş verən bədbəxt hadisə ölkə futbol federasiyasını həm «A», həm də «B» Seriyası oyunlarını təxirə salmağa vadar etdi.

Bədbəxt hadisə isə «B» Seriyanın 35-ci turunda «Peskara» və «Livorno» arasındakı matç zamanı baş verib. Görüşün yarım saatının tamamında hesab 2:0 meydan sahiblərinin xeyrinə olarkən qonaqların yarımmüdafiəçisi Pyermario Morozini meydanın özlərinə aid hissəsində əvvəl səndələdi, sonra yerə yıxıldı. Onda həyat əlaməti müşahidə etmədiklərindən görüşü dərhal dayandırdılar. Sonra həkimlər gəlib onun ürəyini masaj etdilər.

Bir neçə dəqiqə sonra təcili yardım maşını meydançaya daxil oldu və futbolçunu götürüb xəstəxanaya yol aldı. İtaliya mətbuatının yazdığına görə, təcili yardım maşının yolda hərəkətinə müəyyən müddət nəyəsə görə yolu kəsmiş polis maşını mane olub. Ola bilsin ki, vaxt itkisinə görə həkimlər futbolçunu xilas edə bilməyiblər və Morozinini xəstəxanaya artıq ölü çatdırıblar. Peskara stadionunda bu, ilk ölüm hadisəsi deyil. İki həftə öncə «Peskara»nın qapıçılar məşqçisi Françesko Mançini də ürək tutmasından dünyasını dəyişib.

Morozini «Livorno»da icarə əsasında oynayırdı. Ona «Udineze» sahib idi. Daha öncə futblolçunun ailəsində də faciə baş vermişdi. Avtomobil qəzasında onun valideynləri və qardaşı da həlak olmuşdular.
Ölkə çempionatında əvvəlcə oyunları bir dəqiqəlik sükutla başlamaq istəyirdilər. Sonradan hər iki seriyada turun bütün oyunlarını təxirə salmağa qərar verdilər.

Ötən ay İngiltərə Kubokunun dörddəbir finalında «Tottenhem»lə «Bolton»un qarşılaşması zamanı ikincilərin yarımmüdafiəçisi Fabris Muamba da huşunu itirmişdi. Klinik ölüm keçirən futbolçunu xəstəxanaya çatdıraraq xilas etmişdilər. Onun bərpa prosesinin dinamikası may ayında məşqlərə başlaması imkanından xəbər verir. Bununla yanaşı Muambaya kardiostimulyator yerləşdirəcəklər.


Xəbər 1207 dəfə oxundu.