Azərbaycanlı ağır atlet Avropa birinciliyində bürünc medal qazanıb
Milanda 15 və 17 yaşadək oğlanlar və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.

40-dək ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnirdə Azərbaycan yığmasının daha iki üzvü – Əli Şükürlü və Əli Quliyev 15 yaşadək oğlanların mübarizəsində 94 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar.

Körpücük üzərinə çıxan Əli Şükürlü birdən qaldırma hərəkətində 120 kiloqram nəticə ilə Avropa birinciliyinin bürünc medalına sahib olub. İdmançımız eyni uğura təkanla qaldırma hərəkətində də göstərib. O, 145 kiloqram nəticə göstərərək bu hərəkətdə də bürünc mükafat əldə edib. Beləliklə, toplam 265 kiloqram (120+145) nəticə ilə Ə.Şükürlü Avropa birinciliyində 94 kiloqram çəki dərəcəsinin yekun sıralamasında da üçüncü yerə çıxaraq fəxri kürsüyə qalxıb.

Əli Quliyev birdən qaldırma hərəkətində 112 kiloqram nəticə ilə dördüncü, təkanla qaldırma hərəkətində isə 130 kiloqram nəticə ilə səkkizinci yeri tutub. Toplam 242 kiloqram (112+130) nəticə göstərən atletimiz yekun sıralamada altıncı olub.

Xəbər 1122 dəfə oxundu.