Tennisçilərimiz Bakıda beynəlxalq turnirin qoşa yarışlarında medallar uğrunda mübarizə aparırlar
Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatı davam edir.

Iyulun 26-da - çempionatın dördüncü günündə Azərbaycanın tennisçiləri qoşa yarışlarda mübarizə aparacaqlar.

Qız cütlüklərin yarışında tennisçilərimiz Alina Qavriş-Umayra Həşimova qırğızıstanlı Kseniya Palkina-Sara Kunakunova, Züleyxa Səfərova-Anjelika İsayeva (Rusiya) tandemi isə türkiyəli Selin Lidya SepkinLara Biter dueti ilə üz-üzə gələcəklər.

İyulun 27-dək davam edəcək yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Albaniya, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançıları birincilik uğrunda mübarizə aparırlar.

Çempionat Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) arasında imzalanan memorandum əsasında təşkil olunub. Memorandum "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirmək, İslam mədəniyyətini və idmanı gənclərə aşılamaq məqsədilə imzalanıb. Hədəf İHİF-ə üzv ölkələrin idmançıları arasında İslam həmrəyliyini möhkəmləndirmək, ən yüksək idman dəyərlərini və prinsiplərini qoruyub saxlamaq, müsəlman ölkələrində idman və Olimpiya hərəkatını, gənclər arasında birlik və qardaşlığı təbliğ etməkdir.

Bakı Tennis Akademiyasında təşkil olunan çempionatda 14 və daha yuxarı yaş kateqoriyasına aid idmançılar iştirak edirlər. Tennisçilər 4 qrup üzrə yarışırlar.

Çempionatın tərəfdaşları Azərbaycan Tennis Federasiyası, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Bakı Tennis Akademiyası, "BİR" Tələbə Könüllü Təşkilatı, İdman Azərbaycan kanalı, "Coca-Cola" və "Toyota" şirkətləridir.

Xəbər 1660 dəfə oxundu.