Bədii gimnastlar 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyində güclərini sınayacaqlar
İsti yay günlərində Milli Gimnastika Arenası növbəti milli yarışa hazırlaşaraq, öz qapılarını bədii gimnastların üzünə açacaq. Belə ki, ən zərif gimnastika növünün nümayəndələri avqustun 10-12-də bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyində güclərini sınayacaqlar.

Fərdi gimnastlar 2002-2010-cu il təvəllüdlü və daha böyük, qrup komandaları isə 2008-2010-cu və 2006-2007-ci il təvəllüdlü yaş kateqoriyasında mübarizə aparacaqlar.

Qaliblər fərdi gimnastlar arasında çoxnövçülük xalına görə, qrup hərəkətləri komandalarında ayrı-ayrı alətlərdə çıxışlarına görə və komanda hesabında müəyyənləşəcək.

Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fləşmoblar da təşkil olunacaq.

Yarışlara biletləri arenanın kassasından əldə etmək mümkündür. Biletlərin qiyməti 5 manatdır.

Xəbər 947 dəfə oxundu.