Messi Ronaldoya çatıb, 210 oyunda 201 qol vurub
Son illərdə dünyanın ən yaxşı futbolçuları olan Lionel Messi ilə Kriştianu Ronaldonun qarşıdurmasında yeni mərhələ başlayıb. “Barselona”nın argentinalı hücumçusu “Levante” ilə səfər oyununda etdiyi dublla həm komandasına əzmkar qələbə (2:1), vacib 3 xal qazandırdı, həm də İspaniya çempionatındakı bombardirlər yarışında “Real”dakı həmkarına çatdı. İndi hər futbolçunun hesabında 41 qol var. Ronaldo bunun 11-i, Messi 6-nı penaltidən vurub. Özü də Lionel cari mövsümdə 11-ci dubluna imza atdı.

Onun hazırkı baş məşqçisi Xosep Qvardiolanın dövründə, yəni sağ cinahdan mərkəzə keçiriləndən sonra daha yaxşı çıxış etməyi vurduğu qolların sayında öz əksini tapıb. Belə ki, Messi ispan çalışdırıcısının rəhbərliyi altında arxada qalan 4 ildə 200 həddini keçərək, 210 oyunda 201 qol vurub. Bunadək “Barsa”nın baş məşqçisi olan hollandiyalı Frank Raykaardın vaxtında isə Lionel 110 oyunda cəmi 42 dəfə fərqlənib.

Maraqlıdır ki, son 3 ildə dünyanın ən yaxşı futbolçusu olan argentinalının məhsuldarlığı artan sürətlə gedir. Belə ki, Lionel 2007/08 mövsümündə 16 (40 oyunda), 2008/09-da 38 (51), 2009/10-da – 47 (53), 2010/11-də 53 (55), 2011/12-də 63 (52) qol vurub.

İndi hamı aprelin 21-i gözləyir. Axı həmin gün “Barselona" ilə “Real” arasında növbəti derbi matç keçiriləcək. “Barsa” “Nou Kamp”dakı “El Klassiko”da qalib gələrsə, lider olan əzəli rəqibi ilə xal fərqini minimuma endirəcək. Lionel ilə Kriştianu isə bu matçda bombardirlik yarışında kimin qalib olacağı uğrunda yarışacaq.

Xəbər 1067 dəfə oxundu.