Azərbaycan şahmatçıları Çexiyada keçirilən turnirdə qalib gəliblər
Azərbaycan şahmatçısı Kənan Qarayev Pardubitsedə (Çexiya) keçirilən “Czech Open 2018” turnirinin dördüncü turunda qələbə qazanıb.

Növbəti oyun günündə sloveniyalı rəqibi Jan Tomazini məyus etmiş Kənan Qarayevin aktivində 3 xal var. Hazırda o, turnirin liderindən bir xal geri qalır.

Digər həmyerlimiz Aydin Süleymanlı bu turda rusiyalı Mixail Xmelyovu üstələyib. Onun aktivindəki xalların sayı Qarayevdən 0,5 xal azdır. Ülviyyə Fətəliyeva ilə danimarkalı Kristian Eriksonun görüşü sülhlə başa çatıb.

Qeyd edək ki, 38 ölkədən 238 şahmatçının, o cümlədən 49 qrossmeysterin iştirakı ilə İsveçrə sistemi üzrə keçirilən “Czech Open 2018” turniri 9 turdan ibarət olacaq.

Yarışın qalibləri iyulun 27-də məlum olacaq.

Xəbər 891 dəfə oxundu.