İkinci beynəlxalq həmrəylik tennis çempionatının fərdi yarışlarının püşkatma mərasimi keçirilib
İyulun 22-də “Bakı-2018” II beynəlxalq həmrəylik tennis çempionatının texniki iclası və fərdi yarışların püşkatma mərasimi keçirilib.

Iclasda Albaniya, Azərbaycan, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Liviya, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Seneqal, Tacikistan, Türkiyə və Uqandadan gələn idmançılar iştirak ediblər.

Əvvəlcə çempionatın direktoru Mehman Kərimov iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb. İclasın meneceri Vaqif Əliyev idmançı və məşqçilərin nəqliyyat, qidalanma və yerləşmə məsələlərinə dair suallarını cavablandırıb.

Texniki iclasın rəhbəri və çempionatın baş hakimi, türkiyəli Ahmet Sert idmançıların qruplara bölünməsi, püşkatma və nəticələrinin paylanması haqqında məlumat verib. Bildirilib ki, çempionatda 18 qız və 23 oğlan yarışacaq.

Daha sonra qızlar və oğlanlar arasında fərdi görüşlərin püşkü atılıb. Qızlar arasında yarışlarda təmsilçilərimizdən Umayra Haşımova belaruslu Aleksandrina Mamiha ilə, Ülviyyə Süleymanova mozambikli Marieta Nhamitambo ilə, Alina Qavriş belaruslu Veranika Novik ilə, Züleyxa Səfərova tacikistanlı Anastasiya Tursunova ilə qarşılaşacaq. Oğlanların mübarizəsində isə Samir Qafarov tacikistanlı Xuşbaxt Kərimovla, Orxan Manaflı livanlı Mohamed Əhməd və Səudiyyə Ərəbistanının təmsilçisi Saud Alhaqbani cütünün qalibi ilə, Rəsul Qocayev tacikistanlı Firuz Muxidinov və türkiyəli Burakcan Yılmaz cütünün qalibi ilə, İlyas Həsənli Albaniya tennisçisi Elbi Mceştri ilə üz-üzə gələcək.

Qeyd edək ki, cüt yarışların püşkatma mərasiminin iyulun 23-də keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ikinci Beynəlxalq Həmrəylik Tennis Çempionatı iyulun 23-27-də Bakı Tennis Akademiyasında keçiriləcək. Çempionat Azərbaycan Respublikası Mili Olimpiya Komitəsi və İslam Həmrəyliyi İdman Federasiyasının imzaladığı memorandum əsasında təşkil olunub.

Xəbər 1107 dəfə oxundu.