2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının cədvəli təsdiq edilib
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının cədvəlini təsdiq edib. 2020-ci il iyulun 22-dən avqustun 9-dək keçiriləcək Olimpiya Oyunlarının proqramına 33 idman növü üzrə 339 yarış daxildir.

Olimpiada iyulun 24-də açılacaq. Rəsmi açılış mərasimindən iki gün əvvəl – iyulun 22-də futbol və softbol turnirləri başlanacaq. Açılış günündə akademik avarçəkmə və kamandan oxatma yarışları keçiriləcək. Növbəti gün atletlər güllə atıcılığı, stolüstü tennis, cüdo, badminton, gimnastika, tennis və velosiped idmanı da daxil olmaqla 21 idman növündə mükafatlar uğrunda mübarizə aparacaqlar.

Olimpiya proqramında debüt idman növləri olan basketbol 3x3, steytbordinq və sörfinq yarışları birinci həftədə keçiriləcək.

Avqustun 1-də cüdo, triatlon və güllə atıcılığı üzrə qarışıq komanda turnirlərində mükafatların sahibləri məlum olacaq. Yeri gəlmişkən, bu idman növlərinin hər üçü Olimpiya Oyunlarının idman proqramına yeni daxil edilib.

Tokio-2020 Olimpiadasının sonuncu günü kişilərin marafon yarışından başlanacaq. Bu yarış bütün Olimpiadanın kulminasiya nöqtəsi olacaq. Tokioda hər il keçirilən marafon zamanı Yaponiya paytaxtının küçələrində bir milyon insan toplaşır.

Xəbər 868 dəfə oxundu.