Gimnastlarımız birinci “European Gym for Life Challenge” festivalında uğurla çıxış ediblər
Belçikanın Liej şəhərində Avropa Gimnastika İttifaqının (UEG) təşkilatçılığı ilə birinci “European Gym for Life Challenge” festivalı keçirilib.

İlk dəfə keçirilən festivalda həmyerlimiz, UEG-in prezidenti Fərid Qayıbov açılış sözü ilə çıxış edərək bütün iştirakçılara uğurlar arzulayıb.

On iki ölkədən 800 gimnastın iştirak etdiyi festivalda Azərbaycan komandası da yer alıb. Qrup çıxışlarını daha da mükəmməlləşdirmək məqsədilə təşkil olunan festivalda 2006-cı il təvəllüdlü və daha böyük gimnastlardan ibarət komandalar çıxış edib. Bir-birindən maraqlı və rəngarəng kompozisiyalar əsasən müxtəliflik, texnika, təhlükəsizlik, orijinallıq, ümumi təəssürat və əyləncə meyarlarına görə dəyərləndirilib.

Bu növ yarışlarda bütün iştirakçılar qalib hesab olunaraq, onlara qızıl, gümüş və bürünc medallar təqdim edilib. Ölkəmizi təmsil edən Ruslan Eyvazov, Akif Kərimli, Nərminə Hüseynova, Elçin Məmmədov, Fərid Mustafayev, Murad Əkbərov, Narın Qurbanova, Güllü Ağalarzadə, Nərmin Cahangirova və Seymur Cəfərovdan ibarət Azərbaycan qrupunun parlaq çıxışları da 37 komanda arasında ən yaxşılardan biri seçilərək qızıl medala layiq görülüb.

Gimnastlarımızın nəinki çıxışları, hətta qeyri-adi geyimləri də diqqətdən kənar qalmayaraq, “Best Costume” nominasiyasında diplomla mükafatlandırılıb. “Wow Performance” nominasiyasında isə Portuqaliya komandası fərqlənib.

Xatırladaq ki, ötən il Norveçin paytaxtı Osloda Beynəlxalq Gimnastika Federasiyasının təşkil etdiyi “World Gym for Life Challenge” festivalında da Azərbaycan təmsilçiləri qızıl medal qazanıblar.

Xəbər 868 dəfə oxundu.