Qarabağ necə oynadı? - Təhlil
Son cempionumuz Çempionlar Liqasında Sloveniya “Olimpiya”sı ilə səfərdə ilk oyununu keçirdi. Matç «atlılar»ımızın minimal hesablı qələbəsiylə başa çatsa da, ənənəvi yaradıcı oyununu ortaya qoya bilmədi. Qurban Qurbanovun komandası qorxu, həyacanı üzərindən ata bilməmişdi. Ölkə çempionatı başa çatandan sonra, komandada baş verən “yarpaq tökümü” də sözünü dedi. Xüsusilə Riçard Almeyda kimi pleymeykerin, Pedro Enrike kimi sürətli keçidləri ilə daim diqqət çəkən futbolçuların yeri görünürdü. “Qarabağ” aşağıdakı heyətlə sloveniyalılar qarşısına çıxmışdı: Vaqner Da Silva, Qara Qarayev, Maksim Medvedev (kap.), Miçel, Mahir Mədətov, Əbdəllah Zubir, Filip Ozobiç, Yakub Jezniçak, Bədəvi Hüseynov, Donald Gerrye, Coşqun Diniyev.

Yeni transfer olan qapıçı Vaqner Da Silvanın üzərinə böyük yük düşmədiyindən necə oynadığını tam qiymətləndirmək olmaz. Yalnız bir-iki təhlükəli topları uzaqlaşdırmaqla yadda qaldı.

Müdafiə xətində təcrübəli veteran kapitanımız Rəşaq F.Sadıqovun olmaması özünü göstərirdi, kapitanın mövqeyində oynayan Bədəvi Hüseynov hələ formada olmadığı gözdən yayınmadı, hətta futbolçuda həyəcan hiss olunurdu. Maksim Medvedev ilə Yakub Jezniçak bacardıqları qədər etibarlı oynadılar; 1-ci ənənəvi olaraq, cihan hücumlarının qurulmasında da aktiv iştirak edirdi. Donald Gerye də öz cinahında həm dağıdıcı həm də yaradıcılığı ilə oyununu ortaya qoydu və lazım anda düzgün mövqe seçərək rəqib qapısına yol tapa bildi. Coşqun Diniyev R.Almeydanın mövqeyində oynasa da, yaradıcılığını göstərə bilmədi, ikinci hissə başlayan kimi o, yeni transfer Simeon Slavçevlə əvəzləndi. S.Slavçev meydana daxil olduqdan sonra, az da olsa, mərkəzdən hücumların qurulmasında canlanma hiss olundu. Bu futbolçu start heyətində meydana çıxmağa layiq olduğunu göstərdi.

Matç boyu ən bərbad oyun nümayiş etdirən Qara Qarayev oldu. O, həm tez-tez top itkilərinə yol verir, həm qeyri-dəqiq ötürmələr edir, həm də qayda pozuntularına yol verirdi ki, nəticədə matçın 90-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydandan qovuldu. Söz yox ki, futbolçunun formada olmaması ilə intizamsızlığa görə Qurban Qurbanov tədbir görəcək.

Zubir özünü yaxşı tərəfdən göstərdi, o təkbətək mübarizələrdə, cinahlardan sürətli keçidlər edərək hücumların qurulmasında üstün oyun nümayiş etdirdi. Miçel də çalışdığı qədər yaradıcılıq etməyə çalışdı. Filip Ozobiçdə gözlənilən ümidləri tam olaraq doğrultmadı və Dani Kintana ilə əvəzləndi, sonuncu yaxşı təsir bağışlayaraq, hücumların qurulmasında fəal iştirak etdi. Mahir Mədətov nominal hücumçu kimi meydana çıxsa da, top saxlamaq, sürətli keçidlər etməklə yadda qaldı. Demək olmaz ki, Mahir zəif oynadı, sadəcə, rəqib müdafiəçilər onu lazımınca analiz edib, zərərsizləşdirdilər, həmçinin matç boyu komanda yoldaşları Mahiri lazımınca topla təmin etmədilər. Komandamız hücumda çoxluq qura bilmədiyindən Mahir tək qaldı və çox güc sərf etdi.

“Qarabağ” səfərdə sərfəli nəticə əldə etsə də, hələ iş bitməyib. Rəqib komanda şəklində “Qarabaq”dan daha üstün və intizamlı oynadı. Söz yox ki, Bakıdakı cavab oyununda onlar «atlılar»a baş ağrısı olacaqlar, unutmayaq ki, 1:0 hesablı qələbə sürüşkən hesabdır. Komandamız Sloveniyadakı kimi oyun nümayiş etdirsə, rəqib əks hücum və standart vəziyyətlərdən lazımınca istifadə edərək, «atlılar»ı cəzalandırma şansları yüksəkdir. Bu çatışmazlıqları baş məşqçi nəzərə alaraq, böyük ehtimal dəyişikliklər edəcək, xüsusilə də orta xətdə yeni nizama ehtiyac var. Düşünürəm ki, cavab matçında Qurban Qurbanov start heyəti bu cür olacaq:

Hannes Halldorsson, Rəşad F.Sadıqov, Maksim Medvedev, Donald Gerrye, Yakub Jezniçak, Miçel, Mahir Mədətov, Əbdəllah Zubir, Simeon Slavçev, Dani Kintana, Ansi Aqolli.

Nəzərə alsaq ki, Donald Geryenin həm dağıdıcılıq, həm də yaradıcılıq kimi xüsusiyyətlərinin olması, onun Qara Qarayevin mövqeyi olan dayaq yarımmüdafiəçisi kimi də oynaya bilər. Ölkə çempionatı zamanı Qurban Qurbanov onu bu mövqelərdə sınayıb və effekt də verib. Ansi Aqolli isə D.Geryenin mövqeyi olan cihah müdafiəçisi kimi öz doğma mövqeyinə çəkilər.

Abdulla İsmayıloğlu


Xəbər 843 dəfə oxundu.