Bakıda futvolley üzrə beynəlxalq açıq turnir keçiriləcək
İyulun 14-15-də “Dalga Beach”in idman meydançasında futvolley üzrə milli komandalardan ibarət beynəlxalq açıq turnir keçiriləcək. Azərbaycan Futnet Federasiyasının (AFNA) təşkil etdiyi və 2 gün davam edəcək turnirdə 8 ölkənin milli komandası təmsil olunacaq.

AFNA-nın mətbuat xidmətindən verilən məlumata görə, yarışda Azərbaycan, Braziliya, Hollandiya, Portuqaliya, İran, Rusiya, Pakistan, və Avstriya yığmaları birincilik uğrunda mübarizə aparacaqlar.

Azərbaycanın idman tarixində ilk dəfə olaraq sözügedən növ üzrə Braziliya milli komandası ölkəmizə təşrif buyuracaq.

Yarışdan öncə yerli şou biznes nümayəndələrinin və futvolley üzrə dünya ulduzlarının iştirakı ilə möhtəşəm açılış mərasimi keçiriləcək. Dünyanın 4 ən güclü futvolleyçisi də Bakı turnirində iştirak edəcək. Anderson Aquinyo (Braziliya), Erik Drent (Hollandiya), Kasper Şlebuniç (Almaniya), Onni Kohen (Portuqaliya) kimi güclü idmançılar paytaxtımızda qalib adı uğrunda yarışacaqlar.

Turnir başa çatdıqdan sonra hər gün dənizkənarı diskoteka təşkil olunacaq.


Xəbər 875 dəfə oxundu.