“Rusiya 2018”: Bu gün dünya çempionatının yarımfinal mərhələsinə start veriləcək
İyulun 10-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının yarımfinal mərhələsinə start veriləcək.

Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüşdə Fransa və Belçika yığma komandaları üz-üzə gələcəklər. “Sankt Peterburq Arena”da keçiriləcək matçın baş hakimi uruqvaylı Andres Kunya olacaq.

Fransa dörddəbir finalda Uruqvayı 2:0 hesabı ilə məğlub edib. Belçika isə 5 qat dünya çempionu Braziliyanı 2:1 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.

Komandalar bu vaxtadək dünya çempionatlarında iki dəfə qarşılaşıblar. Hər iki görüş fransızların qələbəsi ilə yekunlaşıb. Fransa 1938-ci il dünya çempionatının səkkizdəbir final mərhələsində Belçikanı 3:1 hesabı ilə məğlub edib. Belçika və Fransa yığmaları 1986-cı il mundialında 3-cü yer uğrunda görüşdə münasibətlərə aydınlıq gətiriblər. Bu qarşılaşmada fransızlar rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarıblar.

Belçika tarixi ərzində ikinci dəfə yarımfinal oyununa çıxacaq. Komanda ilk dəfə 1958-ci və 1986-cı illərdə bu mərhələdə iştirak edib.

1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatının bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.

1998-ci dünya çempionatının qalibi olan Fransa isə 6-cı dəfə yarımfinal matçına çıxacaq. 1958-ci, 1982-ci və 1986-cı il mundiallarında məğlub olan komanda, 1998-ci və 2006-cı illərdə finala vəsiqə qaza bilib.

1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb.

Heyətindəki futbolçuların qiymətinə görə, çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanmaları olub.

Belçika-Fransa oyunu İdman Azərbaycan Televiziyası ilə canlı yayımlanacaq.

Qeyd edək ki, mundialın digər yarımfinal oyunu iyulun 11-də Moskvadakı “Lujniki” stadionunda keçiriləcək. Həmin görüşdə İngiltərə və Xorvatiya milli komandaları finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, mundialda üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Xəbər 527 dəfə oxundu.