Gənc güləşçilərimiz İstanbulda keçirilən beynəlxalq turnirdə 1 qızıl, 3 gümüş və 7 bürünc medal qazanıblar
İstanbulda sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında “Çempionlar” beynəlxalq turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, sayca 21-ci dəfə təşkil olunan turnirdə iştirak edən güləşçilərimiz ümumilikdə 1 qızıl, 3 gümüş və 7 bürünc medal qazanıblar.

Böyük məşqçi Saypulla Absaidovun və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında turnirə qatılan sərbəst güləşçilərimiz 2 gümüş və 5 bürünc medala sahib olublar. Yalnız final görüşündə məğlub olan Əliabbas Rzazadə (57 kq) və Elmar Kazımov (65 kq) gümüş medalla kifayətləniblər. Bürünc medalları isə yığmamıza İntiqam Vəlizadə (61 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev, Abubakr Abakarov (hər ikisi - 74 kq) və Orxan Abbasov (79 kq) qazandırıblar.

Sərbəst güləşçilərimiz komanda hesabında üçüncü yeri tutublar.

Böyük məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi altında qonşu respublikaya yollanan yunan-Roma güləşçilərimiz isə 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olub. Bütün rəqiblərindən üstün olan Zaur Nuriyev (63 kq) turnirin qızıl medalını qazanıb. Kamran Mirzəliyev (67 kq) gümüş, Zaur Əliyev (55 kq) və Nəsir Həsənov (77 kq) isə bürünc medala layiq görülüblər.

Görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Xəbər 1125 dəfə oxundu.