Ağır atletika idman növündə çəki dərəcələri dəyişdirilib
Daşkənddə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) növbəti konqresi keçirilib. Tədbirdə Azərbaycanı Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti Tofiq Heydərov, baş katib Rizvan Rəsulov və Rəyasət Heyətinin üzvü Fəxri Ağayev təmsil ediblər.

63 ölkənin nümayəndələrinin iştirak etdikləri konqresdə müzakirəyə çıxarılan əsas məsələlərdən biri mövcud çəki dərəcələrinin dəyişdirilməsi və sayının artırılması olub. IWF İcraiyyə Komitəsinin bununla bağlı qəbul və Konqresə təqdim etdiyi qərar rəsmən təsdiqlənib.

Qərara əsasən, bundan sonra kişi ağır atletlər (böyüklər və gənclər) IWF-in bayrağı altında 8 yox, 10 çəki dərəcəsində mübarizə aparacaqlar. Bunlar 55, 61, 67, 73, 81, 89, 96, 102, 109 və 109 kiloqram çəki dərəcələridir. Ancaq Olimpiya Oyunlarında bu çəki dərəcələrindən yalnız 7-si üzrə yarışlar keçiriləcək. Atletlər 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında 61, 67, 73, 81, 96, 109 kiloqram və 109 kiloqramdan yuxarı çəki dərəcələrində körpücük üzərinə çıxa biləcəklər.

Qadınlar (böyüklər və gənclər) kateqoriyasında da çəki dərəcələri dəyişdirilib. Zərif cinsin nümayəndələri 45, 49, 55, 59, 64, 71, 76, 81, 87 kiloqram və 87 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar. Olimpiya Oyunlarında bunlardan yalnız 49, 55, 59, 64, 76, 87 kiloqram və 87 kiloqramdan yuxarı çəki dərəcələri üzrə yarışlar keçiriləcək.

Yeniyetmə atletlərdə yeni çəki dərəcələri oğlanlarda 49, 55, 61, 67, 73, 81, 89, 96, 102 və 102 kiloqramdan yuxarı; qızlarda 40, 45, 49, 55, 59, 64, 71, 76, 81 və 81 kiloqramdan yuxarıdır.

Bununla yanaşı, konqres 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya qazanılması sistemindəki yenilikləri də təsdiqləyib. Təsnifat mərhələsində əvvəllər mövcud olan qayda ləğv edilib. Yeni qərara əsasən, atletlər Olimpiya Oyunlarına lisenziyanı komanda yox, fərdi şəkildə əldə etməli olacaqlar. Təsnifat yarışları üç mərhələli olmaqla 2018-ci il noyabrın 1-dən 2020-ci il aprelin 30-na qədər davam edəcək. Lisenziya qazanmaq istəyən atletlər təsnifat dövründə Olimpiya Oyunları üçün təsdiq olunmuş çəki dərəcələrində ən azı 2 (iki) yarışda çıxış etməli, xallar toplamalıdırlar. İlk təsnifat yarışı noyabrın 1-10-da Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək kişilər və qadınlar arasında dünya çempionatı olacaq.

Xəbər 959 dəfə oxundu.