Karateçilərimiz Xorvatiyada 3 medal qazanıb
Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində Karate-1 gənclər liqasının ikinci mərhələsində 3 medal qazanıblar.

14 yaşadək idmançılar arasında Fərid Savadov (-40 kq) bürünc, 14-15 yaşlı yeniyetmələrdə Fərid Ağayev (-70 kq) gümüş, Fidan Dadaşova isə (-47 kq) bürünc medal qazanıblar.

Mədinə Sadıqova (-53 kq) və Bəxtiyar Rzayev (-68 kq) təsəlliverici görüşlərə qatılsalar da nəticə uğursuz alınıb. B.Rzayev ciddi zədə aldığından mübarizəni davam etdirə bilməyib.

74 ölkədən 1874 idmançının iştirakı ilə Dünya Karate Federasiyasının (WKF) bu mötəbər liqa yarışından bir gün əvvəl isə 12-21 yaşlılar arasında WKF Kuboku uğrunda turnirdə milli komandanın üzvləri iki qızıl və bir bürünc medala yiyələniblər.

Beynəlxalq hakim Vüqar Kərimov da bu turnirlərin hakimləri arasında olub.

İdmançılarımız iyulun 10-da vətənə dönəcəklər.

AZƏRTAC

Xəbər 812 dəfə oxundu.