“Rusiya 2018”: Bu gün dünya çempionatının dörddəbir final mərhələsinə start veriləcək
İyulun 6-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinə start veriləcək.

Bakı vaxtı ilə saat 18:00-da başlayacaq ilk görüşdə Uruqvay və Fransa yığma komandaları üz-üzə gələcəklər. “Nijniy Novqorod Arena”da keçiriləcək matçın baş hakimi argentinalı Nektor Pitana olacaq.

Xatırladaq ki, “C” qrupunda Avstraliya (1:0) və Peru (1:0) yığmalarına qalib gələn fransızlar sonuncu görüşdə Danimarka ilə qolsuz heç-heçə edərək qrupu 7 xalla ilk sırada başa vurublar.

Uruqvay yığması mundialın qrup mərhələsində bütün görüşlərdə qalib gələn üç komandadan biridir. İkiqat dünya çempionları “A” qrupunda Mərakeş və Səudiyyə Ərəbistanı yığmalarına 1:0, ev sahibi Rusiya millisinə isə 3:0 hesabı ilə qalib gəliblər.

Uruqvay səkkizdəbir finalda Portuqaliyanı 2:1, Fransa isə Argentinanı 4:3 məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar.

Uruqvay və Fransa bu vaxta qədər 8 dəfə üz-üzə gəlib. Bu oyunların 3-də Uruqvay millisi, birində isə fransızlar qalib olub. Dörd qarşılaşma isə heç-heçə başa çatıb. Komandalar dünya çempionatları tarixində üç dəfə qarşılaşıblar. 1966-cı il mundialının qrup mərhələsində Uruqvay rəqibini 2:1 hesabı ilə məğlub edib. 2002-ci və 2010-cu illərin dünya çempionatlarında da eyni qrupda mübarizə aparan komandaların dueli qolsuz bərabərliklə yekunlaşıb. Fransa dünya çempionatlarında Uruqvayla üç dəfə eyni qrupda mübarizə aparıb və heç birində növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, 1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması indiyədək 14 dəfə mundiallarda yer alıb. 1998-ci ildə dünya çempionu adını qazanan Fransa millisi 2006-cı ildə finalda İtaliyaya uduzub. Komanda 1958-ci və 1986-cı illərdə dünya çempionatlarının bürünc medallarını qazanıb. 1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatın bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.

İki dəfə dünya çempionu olan Uruqvay yığması isə (1930 və 1950) indiyədək 12 mundialda çıxış edib.

Bu oyunun qalibi yarımfinal mərhələsində Braziliya-Belçika matçının güclüsü ilə qarşılaşacaq.

X X X

Günün digər oyununda Braziliya və Belçika yığmaları qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı serbiyalı referi Milorad Majiç idarə edəcək. Matç “Kazan Arena” stadionunda oynanılacaq.

Qeyd edək ki, Braziliya millisi ən çox dünya çempionu olan komandadır. Braziliyalılar kuboku 5 dəfə başları üzərinə qaldırıblar. İlk dəfə 1958-ci ildə İsveçdə, dörd il sonra isə Çilidə keçirilən mundialın qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə də qalib gələrək üçqat dünya çempionu kimi “Qızıl İlahə”ni həmişəlik öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra – 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında əldə edə bilib. Sonuncu – beşinci çempionluğuna 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda nail olan Braziliya yığması hələlik bu göstərici üzrə dünya rekordçusudur.

Heyətindəki futbolçuların qiymətinə görə çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.

Braziliya səkkizdəbir finalda Meksikanı 2:0, Belçika isə Yaponiyanı 3:2 hesabı ilə məğlub edib. Bu komandalar dünya çempionatları tarixində ikinci dəfə üz-üzə gələcək. 2002-ci il mundialının səkkizdəbir finalında Braziliya rəqibini 2:0 hesabı ilə üstələyib. Belçika dünya çempionatlarında Cənubi Amerika təmsilçiləri ilə 4 dəfə qarşılaşıb və bu matçların 3-də məğlub olub. Braziliya isə son üç mundialda Avropa təmsilçilərinə uduzaraq mübarizəni dayandırıb.

Çempionatın dörddəbir final mərhələsinin bütün görüşləri İdman Azərbaycan kanalında canlı yayımlanacaq.

Mundialın yarımfinal oyunları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Xəbər 906 dəfə oxundu.