Azərbaycan Futzal Federasiyasının növbəti iclası keçirilib
İyulun 5-də Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

azsport.az AFFA-ya istinadla xəbər verir ki, federasiyanın prezidenti Zaur Axundovun rəhbərliyi ilə keçirilən iclasda son on il ərzində görülmüş işlər, həm milli, həm də klub səviyyəsində qazanılmış uğurlar müzakirə edilib.

Z.Axundov AFFA rəhbərliyinin Azərbaycanda futzalın inkişafı üçün federasiyaya böyük dəstək verdiyini qeyd edib, milli komandanın 2020-ci ildə keçiriləcək dünya çempionatı ilə bağlı hədəfini açıqlayıb. Qeyd edilib ki, dünya çempionatına ilk dəfə 2016-cı ildə vəsiqə qazanan millimizin növbəti mundialda iştirak etməsi üçün də lazımi şərait yaradılacaq. Strategiyanın saxlanılması şərtilə gənc futzalçıların milliyə dəvət edilməsi üçün də işlərin görüləcəyi vurğulanıb. Başa çatmış futzal mövsümü haqda müzakirələr aparılıb, eyni zamanda, liqalarda yeni mövsümün təşkili və görüləcək işlər barədə tapşırıqlar verilib.

İclasda federasiyanın strukturunda da dəyişikliklər edilib. Vitse-prezident Rəşad Həsənov tutduğu vəzifədən və İcraiyyə Komitəsinin üzvlüyündən azad olunması barədə müraciət edib. Zaur Hacı-Məhərrəmov yarışların təşkili və keçirilməsi üzrə koordinator, Fərrux Hüseynzadə isə mütəxəssis vəzifəsinə təyin olunub.

Yeni mövsümün başlanması ərəfəsində federasiyanın icraiyyə komitəsinə seçkilər keçiriləcək. Ağarza Rzayev, Turqay Fərzəliyev və Mahmud Sadıqov icraiyyə komitəsinin üzvlüyünə, Rəmiş Malıyev isə vitse-prezident vəzifəsinə namizədliyini irəli sürüblər.

İclasda qısa müddətdə yeni mövsümün əsasnaməsinin hazırlanması, iştirakçı komandaların sayının dəqiqləşdirilməsi, federasiyanın rəsmi saytının yaradılması və istifadəyə verilməsi ilə bağlı tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycan Futzal Federasiyası əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, gündəlik iş prosesində istifadə məqsədilə Bakı İdman Sarayının rəhbərliyinə müvafiq otaqların ayrılması üçün müraciət edib. Müraciət müsbət cavablandırılıb.

Xəbər 844 dəfə oxundu.