Azad Rəhimov: Azərbaycan 2020-ci il olimpiadasının paytaxtı olacağına ümid edir

Moskvada keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasının və ikinci Beynəlxalq İdman Forumunun işində iştirak edən gənclər və idman naziri Azad Rəhimov AzərTAc-a eksklüziv müsahibə verib.



Moskvada keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasının və ikinci Beynəlxalq İdman Forumunun işində iştirak edən gənclər və idman naziri Azad Rəhimov AzərTAc-a eksklüziv müsahibəsində deyib: Azərbaycan 2020-ci ilin olimpiya oyunlarının Bakıda keçirilməsi uğrunda mübarizədə qələbəyə ümid edir, belə ki, bunun üçün hər cür zəmin vardır.
A.Rəhimov bildirib ki, Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Baş Assambleyası çərçivəsində 2020-ci ilin olimpiya oyunlarının keçirilməsi üçün sifariş verilməsində iştirak edən şəhərlərin, o cümlədən Azərbaycan paytaxtının təqdimatı olub. Nazir deyib: “Bu gün bu şəhərlərə Beynəlxalq Olimpiya Komitəsinin, qitə olimpiya komitələrinin bütün üzvləri qarşısında öz təqdimatını keçirmək kimi nadir imkan verilib. Digər şəhərlərlə yanaşı Bakı da olimpiya oyunlarının keçirilməsinə dair öz konsepsiyasını təqdim edib. Özü də Azərbaycanın nümayəndə heyətinə Bakı şəhərinin təqdimatında olimpiya hərəkatının fəal üzvü, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva başçılıq edib”.
A.Rəhimov həmçinin qeyd edib ki, idman fəallarının ümumi rəyinə görə, Azərbaycanın qələbə qazanmaq şansı var və bizim parlaq, inandırıcı təqdimatımız tədbir iştirakçılarının əksəriyyətində gözəl təəssürat yaradıb. Nazir deyib ki, bizim sifarişimiz həqiqətən çox yüksək səviyyədə təqdim olundu. Azərbaycanın birinci xanımının çıxışı və onun ölkə prezidenti adından Bakının olimpiya oyunlarını qəbul etməyə hazır olduğunu bəyan etməsi, Azərbaycan xalqının doğrudan da bu oyunların Bakıda keçirilməsini istədiyini və arzu etdiyini bildirməsi – bütün bunlar ümumilikdə müvəffəqiyyətimizin və gələcək qələbəmizin rəhnidir.
Nazir ölkəmizin Beynəlxalq Olimpiya Komitəsi ilə münasibətləri məsələsini şərh edərək deyib ki, təkcə BOK deyil, həm də bir çox müxtəlif beynəlxalq qurumlar Azərbaycanın ümumdünya olimpiya hərəkatında səylərini dəstəkləyir, Azərbaycan idmanının və idman infrastrukturunun inkişafı sahəsində dövlətin siyasətini yüksək qiymətləndirir. Azad Rəhimov daha sonra deyib: “Beynəlxalq təşkilatların nümayəndələri hazırda dünyada ən dinamik inkişaf edən iqtisadiyyatlardan birinə malik olan Azərbaycanın necə sürətlə və ardıcıl inkişaf etdiyini, ÜDM-in ildən-ilə artdığını müşahidə edirlər. Ölkəmizin qlobal beynəlxalq tədbirlər keçirilməsi sahəsində böyük təcrübəsi var. Təbii ki, bu, bütün beynəlxalq təşkilatlarda, o cümlədən BOK-da rəğbət doğurmaya bilməz. BOK-un üzvləri arasında çoxlu dostlarımız var, onlar tez-tez Azərbaycana gəlir, ölkəmizdə keçirilən müxtəlif beynəlxalq yarışlarda fəxri qonaq kimi iştirak edirlər. Mən əminəm ki, 2020-ci il olimpiadasının keçirilməsi uğrunda bu mübarizədə ən güclü olan qələbə çalmalıdır, bütün təşkilatlarla dostluq və əlaqələr isə beynəlxalq idman arenasında mövqelərimizi yalnız möhkəmləndirəcək”.
Gənclər və idman naziri Azərbaycanın sıx dostluq əlaqələri saxladığı Rusiya Milli Olimpiya Komitəsi ilə qarşılıqlı münasibətlərdən də razı qaldığını bildirib. O deyib: “Təəssüf ki, Azərbaycan BOK-da təmsil olunmayıb, bu təşkilatda bizim öz üzvümüz yoxdur və biz həqiqətən istərdik ki, Bakı şəhəri haqqında ölkəmizin vətəndaşı olan adamlar danışsınlar. Lakin digər tərəfdən, bizim Rusiya MOK-un fəxri prezidenti Vitali Smirnov, Avropa Olimpiya Komitəsinin üzvü Aleksandr Kozlovski və bizə rəğbət bəsləyən, bizi dəstəkləyən bir çox başqaları kimi gözəl dostlarımız vardır. Azərbaycanın Avropa və Rusiya komitələri ilə hərtərəfli əlaqələri çox möhkəm, sabit və mehriban qonşuluq əlaqələridir. Biz gələcəkdə də Rusiya ilə, dünyanın hər yerindən digər idman ekspertləri ilə səmərəli əməkdaşlıq edəcəyimizə inanırıq”.

Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Moskva

Xəbər 1364 dəfə oxundu.