Sərbəst güləşçilərimiz Xorvatiyada keçirilən dünya çempionatında inamla mübarizə aparırlar
Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Yarışın ikinci günündə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparıblar.

Çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Sabir Cəfərov gürcüstanlı Baçuki Avalişvilini (7:0) və özbəkistanlı Nodir Raximovu (5:2) üstələyərək yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda onun rəqibi Yunanıstan idmançısı Georgios Kuqyumtsidis olacaq.

Xatırladaq ki, yarışın ilk günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər yarışıblar.

İlk gündə mübarizə aparan güləşçilərimizdən dördü yarımfinala yüksəlib. Yarımfinal görüşlərini qələbə ilə başa vuran Əlihəsən Əmirli (48 kq) və Turan Bayramov (65 kq) finala çıxıblar. Yarımfinalda uduzan Saqadulla Ağayev (80 kq) və İslam Abuyev (110 kq) bürünc medal görüşdə iştirak etmək hüququ qazanıblar. Təsəlliverici görüşdə qələbə qazanan Əbülfəz Nəsirov (55 kq) da bürünc medal uğrunda mübarizədə gücünü sınayacaq.

Xəbər 806 dəfə oxundu.