“Rusiya 2018”: Uruqvay millisi Portuqaliyanı məğlub edərək dörddəbir finala yüksəldi
Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin ikinci oyununda Uruqvay və Portuqaliya yığmaları qarşılaşıblar.

Soçidəki “Fişt” stadionunda oynanılan görüşdə Uruqvay yığması 2:1 hesabı ilə qalib gələrək dörddəbir finala ikinci vəsiqənin sahibi olub.

Meksikalı referi Sezar Ramosun idarə etdiyi oyunun əvvəlində ikiqat dünya çempionları hesabı erkən qolla açıblar. Matçın 7-ci dəqiqəsində Luis Suaresin dəqiq ötürməsini Edinson Kavani baş zərbəsi ilə rəqib qapısından keçirib - 1:0.

İlk hissə bu hesabla başa çatıb. Fasilədən sonra təzyiqi artıran Portuqaliya yığması 55-ci dəqiqəsində hesabı bərabərləşdirib. Küncdən zərbə ilə başlanan hücumda Gerreironun hava ötürməsini Pepe qola çevirib - 1:1. Lakin portuqaliyalıların sevinci cəmi yeddi dəqiqə davam edib. Rəqibi sürətli əks-hücumda yaxalayan Uruqvay millisi yenidən hesabda irəli çıxıb. Bentankurun ötürməsindən sonra topu saxlamadan qapıya göndərən Edinson Kavani baxımlı qolla dubla imza atıb. Bu, oyunda sonuncu qol olub.

Beləliklə, Portuqaliya millisinə 2:1 hesabı ilə qalib gələn Uruqvay yığması dörddəbir finala vəsiqə qazanıb. Bu mərhələdə onların rəqibi Argentina millisini 4:3 hesabı ilə məğlub edən Fransa olacaq.

Xatırladaq ki, dünya çempionatının səkkizdəbir final mərhələsi çərçivəsində iyulun 1-də İspaniya-Rusiya, Xorvatiya-Danimarka matçları oynanılacaq. İyulun 2-də Braziliya-Meksika və Belçika-Yaponiya, ertəsi gün isə İsveç-İsveçrə və Kolumbiya-İngiltərə görüşləri baş tutacaq.

Çempionatın səkkizdəbir final mərhələsinin bütün görüşləri İdman Azərbaycan kanalında canlı yayımlanacaq.

Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Xəbər 681 dəfə oxundu.