Naxçıvanlı karateçilər beynəlxalq turnirdən uğurlu nəticələrlə qayıdıblar
Bakıda Azərbaycan Respublikası Karate Federasiyasının və “Arpaçay” Karate Klubunun təşkilatçılığı ilə keçirilən Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş Qara dəniz və Xəzəryanı ölkələrin idmançıları arasında karate üzrə beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 20 idmançısı uğurla çıxış edib.

Yekun nəticəyə əsasən oğlanlar arasında Nicat Allahverdiyev +84 kiloqram çəki dərəcəsində karatenin kata növü üzrə yarışlarda fəxri kürsünün birinci pilləsinə yüksəlib, kumite üzrə üçüncü yeri tutub.

Müxtəlif çəki dərəcələrində Vüsal Seyidov, Rafiq Hüseynov və Sərcan Məmmədov ikinci, Həsən Səfərli, Ziya Məmmədli, Qafar Hüseynov və Seyran Quluzadə üçüncü yerə layiq görülüblər.

Qızların mübarizəsində isə Özləm Hacıyeva -25 kiloqram çəki dərəcəsində, Aminə Novruzzadə -30 kiloqram çəki dərəcəsində birinci olublar. Digər idmançılardan Zəhra Məmmədova ikinci, Çinarə Cəlalova və Rəna Düzənci üçüncü sırada qərarlaşıblar.

Xəbər 1123 dəfə oxundu.