“Rusiya 2018”: “H” qrupunun son turu üçün komandalar meydana çıxıb
İyunun 28-da futbol üzrə XXI dünya çempionatının “H” qrupunda sonuncu turun oyunları start götürüb. Bu qrupda Yaponiya və Seneqal millilərin aktivlərində dörd, Kolumbiya yığmasının isə bir qələbədən sonra üç xalı var. Polşalılar iki məğlubiyyətdən sonra səkkizdəbir final mərhələsinə çıxma şansın itiriblər. Pley-offa vəsiqənin taleyi isə bu gün keçirilən Yaponiya-Polşa və Seneqal–Kolumbiya oyunlarının nəticələrindən asılı olacaq.

Yaponiya-Polşa oyunu “Volqoqrad Arena” stadionunda keçirilir. Görüşü zambiyalı Cani Sikazu idarə edir.

Yaponiya millisinin heyətində meydana Endzi Kasima, Yuto Naqatomo, Qaku Sibasaki, Sindzi Okazaki, Takasi Usami, Yosinori Muto, Xotaru Yamaquti, Xiroki Sakai, Tomoaki Makino, Qotoku Sakai, Maya Yosida çıxıblar.

Polşa yığmasının start heyətində Lukaş Fabianskiy, Kamil Qlik, Bartoş Bereşınskiy, Yan Bednarek, Qjekoş Krıxovyak, Yacek Quralski, Artur Endjeycik, Rafal Kujava, Petr Zelinskiy, Robert Levandovkiy, Kamil Qrosickiyyer alıblar.

Qeyd edək ki, bu oyun komandalar arasında üçüncü görüş olacaq. Yaponiya millisi Polşa yığması ilə keçirilən iki qarşılaşmada qalib tərəf olub (5:0, 2:0).

Qeyd edək ki, Avropa təmsilçisi yeddi dəfə mundialda iştirak hüququ qazanıb. Polşalılar dünya çempionatının ikiqat bürünc mükafatçısıdırlar (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovski 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.

Yaponiya yığması isə bundan əvvəl üç dəfə mundiallarda çıxış etmək hüququ qazanıb. Gündoğar ölkə təmsilçilərinin ən uğurlu çıxışı 2002-ci ildə Koreya Respublikası ilə birgə ev sahibliyi etdikləri dünya çempionatında olub. Həmin mundialda qrup birincisi kimi səkkizdəbir finala yüksələn yaponlar Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.

X X X

Qrupun digər oyunu – Seneqal-Kolumbiya matçı isə “Samara Arena”da keçirilir.

Seneqal yığmasının start heyətində meydana Xadim İndiaye, Kalibu Kulibali, Salif Sane, Yussuf Sabali, Lamin Qassama, Şeyku Kuyate, İndrissa Qeye, Sadio Mane, Mbaye Niyanq, İsmayila Sarr, Balde Keyta çıxıblar.

Kolumbiya yığmasının ilk on birliyində isə David Ospina, Davinson Sances, Erri Mina, Santyaqo Arias, Xuan Moxiko, Mateus Urube, Karlos Sances, Xuan Quadrado, Xames Rodriqez, Xuan Kintero, Radamel Falkao yer alıblar.

Qeyd edək ki, mundiallarda 1962-cı ildə debüt edən Kolumbiya millisi dünya çempionatında indiyədək altı dəfə oynamaq hüququ qazanıb. Bu komandanın çempionatlarda ən yaxşı göstəricisi “Braziliya 2014”ə təsadüf edib. Həmin mundialda dörddəbir finaladək irəliləyən Kolumbiya yığması ev sahibinə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Kolumbiya milli komandasının tarixində ən çox qol vuran futbolçu Radamel Falkaodur. Futbolçu 66 oyunda 26 qola imza atıb. Bu komandanın heyətində ən çox oyun keçirmiş futbolçu isə FIFA-nın “XX əsrin 100 əfsanəvi futbolçusu” siyahısına daxil olan Karlos Valderramadır (111 oyun).

Seneqal-Kolumbiya yığmaları ilk dəfə qarşılaşırlar. Seneqal millisinin dünya çempionatlarının final mərhələsi ilə tanışlığı 2002-ci ildə baş verib. Afrika təmsilçisinin ən uğurlu çıxışı da, məhz həmin çempionatda olub. Həmin mundialın açılış matçında dünya çempionu Fransanı məğlubiyyətə uğradan və dörddəbir finaladək irəliləyən Seneqal yığmasının qarşısını Türkiyə millisi kəsib.

Yaponiya-Polşa matçı İdman Azərbaycan və Azərbaycan Televiziyasında, Seneqal-Kolumbiya qarşılaşması isə İctimai kanalda canlı yayımlanır.

Xatırladaq ki, indiyədək səkkizdəbir final mərhələsinin 12 iştirakçısı müəyyənləşib. Bu mərhələdə Uruqvay ilə Portuqaliya, Fransa ilə Argentina, İspaniya ilə Rusiya, Xorvatiya ilə Danimarka, İsveç ilə İsveçrə, Meksika ilə Braziliya milliləri qarşılaşacaqlar.

Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin görüşləri iyunun 30-dan iyulun 3-dək keçiriləcək.

Xəbər 589 dəfə oxundu.