“Rusiya 2018”: Bu gün mundialın qrup mərhələsinə yekun vurulur
İyunun 28-də Rusiyada keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulur. Mundialın on beşinci günündə “G” və “H” qruplarında qərarlaşan komandalar mübarizə aparacaqlar.

Günün ilk iki oyununda “H” qrupunda yer alan Yaponiya ilə Polşa və Seneqal ilə Kolumbiya milliləri üz-üzə gələcəklər. “G” qrupunda isə Belçika–İngiltərə və Panama–Tunis görüşləri keçiriləcək. “H” qrupunun görüşləri Bakı vaxtı ilə saat 18:00-da, “G” qrupunun oyunları isə saat 22:00-da başlayacaq.

Günə “H” qrupunda yer alan komandaların oyunu ilə start veriləcək. Bu qrupda Polşanın səkkizdəbir finala vəsiqə qazanmaq şansı qalmayıb. Hazırda 4 xala malik Yaponiya və Seneqal yığmalarını növbəti mərhələyə adlamaq üçün bir xal qane edir. Qrupda üç xalı olan Kolumbiya isə qələbə barədə düşünəcək.

Yaponiya-Polşa görüşü “Volqoqrad Arena”da, Seneqal-Kolumbiya matçı isə “Samara Arena”da baş tutacaq.

“H” qrupu ilə müqayisədə “G” qrupunda növbəti mərhələyə vəsiqə qazanan komandalar bəllidir. Hesabında 6 xal olan İngiltərə və Belçika komandaları qrup birinciliyi uğrunda üz-üzə gələcəklər. Hər iki oyunda məğlub olan Panama və Tunis isə ilk xallarını qazanmağa çalışacaqlar.

İngiltərə-Belçika oyunu “Kalininqrad” stadionunda, Panama-Tunis qarşılaşması isə “Mordoviya Arena”da keçiriləcək.

FIFA-nın qaydalarına görə, əgər qrupda iki komandanın xalları və top fərqi eyni olarsa, bu zaman rəqib qapılarına daha çox qol vuran komandaya üstünlük verilir. Əgər bu göstərici də eyni olarsa, o zaman həmin komandalar arasındakı oyunun nəticəsi əsas götürülür. Komandaların qarşılaşması da heç-heçə başa çatıbsa, onda üstünlük “fair play” göstəricilərinə əsasən, daha yaxşı vəziyyətdə olan komandaya verilir.

Yaponiya – Polşa və İngiltərə – Belçika görüşləri Azərbaycan Televiziyasında təqdim olunacaq. Seneqal – Kolumbiya və Panama – Tunis görüşləri isə İdman Azərbaycan və İctimai Televiziyada yayımlanacaq.

Xatırladaq ki, indiyədək səkkizdəbir final mərhələsinin 12 iştirakçısı müəyyənləşib. Bu mərhələdə Uruqvay ilə Portuqaliya, Fransa ilə Argentina, İspaniya ilə Rusiya, Xorvatiya ilə Danimarka, İsveç ilə İsveçrə, Meksika ilə Braziliya milliləri qarşılaşacaqlar.

Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin görüşləri iyunun 30-dan iyulun 3-dək keçiriləcək.

Xəbər 560 dəfə oxundu.