“Akkord” çempionata böyük hesablı qələbə ilə başlayır
Bu gün Bakı Otüstü Hokkey Kompleksində otüstü hokkey üzrə sayca XI Azərbaycan çempionatı start götürüb. İdman.com.az saytının verdiyi xəbərə görə, ilk olaraq yarışa yüksək dəstədə çıxış edən klublar qoşulub. Birinci turun start oyununda ötənilki çempion “Akkord” və 16-yaşlılardan təşkil olunan Sumqayıtın “Gənclik” komandaları qarşılaşıb.

Baş məşqçi Feyzulla Rəhimbəyovun rəhbərlik etdiyi şirkət təmsilçiləri yeniyetmələri 6:0 hesabı ilə məğlubiyyətə uğradıblar. Rəqib qapısına vurulan toplardan 6-sının da müəllifi Saleh Balamiyev olub. Turun ikinci görüşü isə ötənilki gümüş mükafatçı “Atasport” (Bakı) və bürünc medalların sahibi - “Şahdağ”(Qusar) klubları arasında keçirilib. Yalçın Qayıbov 1-ci hissədə şimal bögəsi hokkeyçilərini hesabda irəli çıxarsa da, fasilədən sonra paytaxt təmsilçiləri Nəsrəddin Hüseynovun sona 5 dəqiqə qalmış vurduğu qolla hesaba tarazlıq gətirib. Matç 1:1 hesabıyla heç-heçə başa çatıb.

Qadın komandaları da şənbə günü bir oyun keçiriblər. Ötən ilki çempion -“Bakı” lənkəranlıları (11:0) hesabıyla məğlubiyyətə uğradıb. Topları rəqib qapısından Aygün Muxtarova (6 ), Gülər Aydınlı(3), Nərgiz Novruzova (1 ) və Xalidə Zeynalova (1) keçiriblər.

Xəbər 1108 dəfə oxundu.