Ağır atletlərə beynəlxalq yarışlarda iştirak icazəsi verilib
Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İcraiyyə Komitəsinin qərarına əsasən 2017-ci il 19 oktyabr tarixindən etibarən Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) bir il müddətində bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilmişdi.

Qərara səbəb 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya oyunlarında ağır atletlərimizin dopinq-testlərinin təkrar analizlərinin müsbət nəticə verməsi idi. Bunun nəticəsində 9 ölkəyə – Azərbaycan, Rusiya, Çin, Moldova, Qazaxıstan, Türkiyə, Belarus, Ermənistan və Ukraynaya birillik diskvalifikasiya tətbiq olunmuşdu.

Cəza müddətinin azaldılması üçün bu ölkələrin federasiyalarının qarşısında müəyyən edilən meyarlara uyğun xidmət göstərmək şərti qoyulmuşdu. Bu meyarlara tam riayət ediləcəyi halda yüngülləşdirmə qaydası qüvvəyə minəcək, idmançı (gənclər və böyüklər) və texniki nümayəndələr səviyyəsində cəzanın son iki ayından, həmçinin yeniyetmə atletlərin yarışlarda iştirakı üçün son dörd ayından azad edilmə tətbiq olunacaqdı.

Azərbaycan qarşıya qoyulan bütün tələbləri yerinə yetirib və IWF Azərbaycan və federasiya ilə bağlı müsbət qərar qəbul edərək ilkin mərhələdə yeniyetmə ağır atletlərin yarışlara buraxılmasına icazə verib. Bu barədə AAAF-a beynəlxalq qurumdan rəsmi məktub göndərilib.

IWF-nin məktubunda qeyd olunub: “Qurumun keçən ilin oktyabr ayında diskvalifikasiya edilmiş 9 üzvü arasında antidopinq fəaliyyətini nəzərdən keçirmək üçün yaradılmış Müstəqil Monitorinq Qrupu (IMG) əhəmiyyətli irəliləyişləri qeyd edib. Cəza müddətində həmin 9 üzv sanksiya və dəstək arasında uyğun bir balans təmin etmək üçün yerinə yetirilməsi lazım olan dəqiq meyarlarla tanış ediliblər. Azərbaycan Ağır Atletika Federasiyası həmin tələbləri yerinə yetirərək qarşıya qoyulan məqsədlərinə nail olub. Bu səbəbdən də Azərbaycan yığma komandalarına iyunun 19-dan etibarən yeniyetmələr, avqustun 19-dan isə gənclər, böyüklər və texniki rəsmilərlə yarışlarda təmsil olunma icazəsi verilir”.

Bu qərara əsasən, Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası bu il iyulun 22-29-da Milanda keçiriləcək 15 və 17 yaşlı yeniyetmə oğlanlar və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyində iştirak etmək hüququna yiyələniblər. Bununla yanaşı, oktyabrın 6-13-də Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Olimpiya Oyunlarında da Azərbaycan ağır atleti iştirak edəcək. Bu yarışa lisenziyanı ölkəmiz ötən il aprelin 1-9-da Tailandın paytaxtı Banqkokda keçirilən yeniyetmələrin dünya birinciliyində əldə etmişdi.

Hazırda Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında təlim-məşq toplanışındadır. İdmançılar qarşıdakı yarışlara ən yüksək şəraitdə hazırlaşırlar.

Xəbər 1188 dəfə oxundu.